Azərbaycanın üçtərəfli görüşdən umacaqları - Tehran sammitinə fərqli baxış
"Azərbaycanın hazırda İran və Rusiya ilə üçtərəfli formatdakı görüşlərində əsas məqsədi iqtisadi sahədə, xüsusən də nəqliyyat sekrotunda maraqlarının təmin olunmasıdır".
Bu barədə XalqTV.com-a ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin direktoru, beynəlxalq münasibətlər üzrə ekspert Elnur Soltanov Azərbaycan, Rusiya və İran prezidentlərinin Tehranda keçirilmiş üçtərəfli görüşünün nəticələrini şərh edərkən bildirib.
/>
Ekspertin fikrincə, əvvəla, Azərbaycanın İran və Rusiya ilə üçtərəfli formatda bir araya gəlməsi çox mühüm və uğurlu addımdır: "Azərbaycan qurudan həm İran, həm də Rusiya ilə sərhədi olan yeganə dövlətdir və onlara nəzərən çox əhəmiyyətli geosiyasi mövqeyə malikdir. Onların hər ikisi də tarixən taleyimizin formalaşmasında böyük rol oynayan ölkələrdir. Rusiya ilə İranın həm siyasi, həm də hərbi sahədə münasibətləri çox yaxşıdır və mövqeləri də bir-birinə yaxındır. Xüsusən də, Suriyadakı hadisələr göstərdi ki, oradakı rejimin qoruyub saxlanması Rusiya və İranın sıx əməkdaşlığı sayəsində mümkün oldu: Rusiya təyyarələri havadan, İran əsgərləri isə qurudan Suriyadakı hakim rejimi qorudular və orada çox böyük söz sahibinə çevrildilər. Bu baxımdan, Azərbaycanın bu dövlətlərlə bir araya gəlməsinin çoxlu və yaxşı səbəbləri var, onun bu işdə yer alması çox uğurlu addımdır".
/>
Lakin Mərkəzin rəhbəri hesab edir ki, məsələyə Azərbaycanın konkret maraqları baxımından yanaşılsa, yenə də əsas yerdə nəqliyyat məsələsinin durduğunu görmək olar:
Tehran-2017 - Bu görüş nə vəd edir?
"Təbii, bizim üçün Dağlıq Qarabağ, regional təhlükəsizlik, narkotik və insan ticarəti ilə mübarizə, Xəzər dənizinin statusu məsələlərində Rusiya və İranın mövqeyi çox əhəmiyyətlidir. Amma burada hadisələr demək olar ki, "avtopilot"a bağlanıb və öz axarı ilə gedir. Yəni burada çox yeniliklər gözləmirik. Çünki bu sahələrdə kifayət qədər əməkdaşlıq var, hər kəsin də mövqeyi bəllidir və proseslər də davam edir. Azərbaycan neft-qaz məsələlərini həll edəndən sonra bu sahədə də strateji baxımdan birgə veriləcək qərarlar qalmadı. İndi Azərbaycanın Tehran görüşündən konkret umacağı, üzərində durduğu siyasət məhz nəqliyyatla, daha dəqiq desək, "Şimal-Cənub" nəqliyyat dəhlizinin "Şərq-Qərb"dəhlizinə bağlanmasından ibarətdir. Bakı-Tiflis-Qars dəmiryolunun istifadəyə verilməsi bu prosesi daha da sürətləndirib. Belə ki, "Şimal-Cənub" dəhlisi fəaliyyətə başlayandan sonra İrandan gələn mallar Azərbaycan üzərindən Rusiyaya da, eyni zamanda Ələtdən digər nəqliyyat dəhlizi ilə Qarsa və oradan Avropaya da göndərilə bilər. Mənə elə gəlir ki, hazırda Azərbaycanın spesifik olaraq əldə etməyə çalışdığı məhz budur. İndi Azərbaycanın qollarını çırmalayıb yeganə ciddi şəkildə məşğul olmalı olduğu istiqamət nəqliyyat sektorudur".
İlkin İzzət
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində