İqtisadiyyat

Ayıq olaq - Daha bir təhlükəli plan

  • 27 Dec 2017
  • 357 baxış

Rusiya və Ermənistanın tranzit intriqaları "Bakı-Tiflis-Ankara" strateji üçbucağının dağılmasına yönəlib.

/>

XalqTV.com xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Rasim Musabəyov bildirib.

/>

Parlament üzvü Ermənistan prezidenti Serj Sarkisyanın dekabrın 25-26-da Gürcüstana səfəri zamanı Ermənistan yüklərinin və sərnişinlərinin Gürcüstan üzərində Rusiyaya daşınması məsələsinin müzakirəsinə diqqət çəkib:

/>

"Əgər KİV-lərin məlumatına əsaslansaq, nadir hal da olsa, bu səfər məzmunsuz alınıb. Danışıqlarda müzakirə mövzularının ən vacibi isə Ermənistan yüklərinin və sərnişinlərinin Rusiya istiqamətində daşınmasının dayanıqlı təmin edilməsi olub.

Bu ərəfələrdə Gürcüstanın baş naziri Georgi Kvirikaşvili İsveçrənin SGS şirkəti ilə imzalanmış sazişin həm tranzit, həm də Ermənistan və Rusiya tərəfindən gələn yüklərin monitorinqini təmin edəcəyi barədə məlumat verərək deyib: "... fors-major hallarda bu dəhlizdən Tsxinvali üzərindən (Rok tuneli ilə) Türkiyə, Ermənistan və digər dövlətlər də istifadə edə bilərlər.

/>

Ermənistanın və Rusiyanın bəzi KİV-ləri bu bəyanatı Ermənistanın nəqliyyat blokadasını yarması və Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının böhranı kimi qələmə verməkdə tələsdilər. Axı burda həlledici məqam "fors-major vəziyyət" ifadəsi idi.

Əgər burda təbii fəlakət və ya texnogen qəzalar nəzərdə tutulursa, o zaman heç nəyə etiraz etməyə dəyməz. Əgər qar uçqunu və dağıntılar nəticəsində ermənilərin meyvə-tərəvəzlə dolu ağırtonnajlı yük maşınlarının və ya sərnişin dolu avtobuslarının sıraya düzülməsinə gətirib çıxaran Lars keçidinin bağlanması nəzərdə tutulursa, onda bu, mövcud məsələnin geniş və ermənilərə lazım olan izahı demək olacaq".

/>

Politoloq qeyd edib ki, prezident Sarkisyan Gürcüstana səfəri çərçivəsində Abxaziya üzərində dəmiryolunun açılması məsələsini də qaldırıb, amma bu söhbət hələ predmetsiz olaraq qalır:

/>

"Əvvəla, mümkün daşımaların həcmi o qədər kiçikdir ki, nəinki əsrin 1/4-i qədər müddətdə istifadə olunmayan yolun bərpası üçün lazım olan investisiyanı heç cür doğrultmayacaq, hətta onun istifadəsi üçün xərcləri də ödəməyəcək. Bu marşrutla Metsamor AES üçün istilikayırıcı uran elementləri və avadanlıqların, yaxud Rusiya hərbi yüklərinin daşınması Gürcüstan, həmçinin Azərbaycan üçün ağlasığmaz və qəbuledilməzdir. Axı Ermənistandakı AES bütün Cənubi Qafqaz üçün böyük təhlükə mənbəyidir və bütün ətraf dövlətlər, eləcə də Avropa Birliyi onun bağlanmasında israrlıdırlar.

/>

Hərbi yüklərin daşınmasına gəlincə, Ermənistandakı Rusiya hərbi bazası Türkiyənin qarşısını almaq gücündə deyil (guya təyinatı elə budur). Əslində, həmin baza 2008-ci ilin avqust hadisələrinin təkrarlanacağı halda ermənilərin məskunlaşdığı Cavaxetiya vasitəsilə Gürcüstanın arxasından zərbə vura bilər.

/>

Ümumiyyətlə, Gürcüstanın özünün itirilmiş müxtariyyətlərinin ərazisi üzərindən Ermənistan və Rusiyaya tranzit imkanı verməsi faktının özü anormal görünür. Rusiya qanunsuz olaraq orada öz hərbi kontingentini yerləşdirməklə beynəlxalq hüquqa zidd olaraq Abxaziya və Cənubi Osetiyadakı separatçı rejimlərin müstəqilliyini tanıyıb. Ermənilər isə mütəmadi olaraq BMT, Avropa Şurası və digər beynəlxalq təşkilatlarda Rusiya ilə həmrəy olaraq Gürcüstanın ərazi bütövlüyünün əleyhinə səs verirlər. Ona görə də risk edib güman edirəm ki, Abxaziya və Cənubi Osetiya üzərindən erməni yüklərinin daşınması layihəsi söhbət olaraq qalacaq. Xatırladım ki, ötən il Gürcüstana Ermənistan üzərindən İran qazının nəqlindən də çox danışılırdı, amma hətta bir neçə milyon kubmetr qazın "svop" edilməsi (yəni real tranziti yox, əvəzlənməsi əməliyyatı) də alınmadı".

/>

R.Musabəyovun fikrincə, bu kommunikasiya oyunlarının arxasında başqa məqsədlər gizlənir: "Aydındır ki, ölkəni NATO və AB istiqamətində aparan Gürcüstan rəhbərliyi Moskvanın dayanmadan davam edən təzyiqi qarşısında manevr etmək məcburiyyətindədir. O da aydındır ki, Tiflis İrəvanı da qəzəbləndirmək və açıq düşmənə çevirmək istəmir. Rusiya və Ermənistan isə öz növbələrində Gürcüstanı Qərb yönümündən döndərmək və nifrət etdikləri "Bakı-Tiflis-Ankara" strateji üçbucağını dağıtmaq üçün kommunikasiya intriqaları qururlar. 

Planlar heç də ermənilərin həcminə görə real və əhəmiyyətli yüklərinin Abxaziya və Cənubi Osetiya vasitəsilə daşınmasına deyil, Bakıda əsəbi reaksiya yaratmaq və Gürcüstana qarşı inamsızlıq toxumu səpməyə hesablanıb".

/>

Ona görə də millət vəkilinin sözlərinə görə, bu cür hiylələrə aldanmaq yox, situasiyanı diqqətlə izləmək və kütləvi demarşlar etməyə tələsməmək lazımdır: "Biz Gürcüstandakı strateji layihələrə həddən çox yatırımlar etmişik. Bakı-Tiflis-Ceyhan, Bakı-Supsa neft kəmərləri, Cənubi Qaz Dəhlizi, Bakı-Tiflis-Qars dəmiryolu - onlar Xəzər və Qara dənizi birləşdirən, daha geniş mənada isə Asiya və Avropa arasında körpüyə çevrilib. Güman edirəm ki, nə Bakı, nə də Tiflis hər iki ölkəyə gözəçarpan geosiyasi ağırlıq verən bu strateji tərəfdaşlığı risk altında qoymayacaq və yaranan məsələləri qarşılıqlı inam doğuran dialoq əsasında həll edəcəklər".

İlkin İzzət
XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR