"Mourinyo komandanın zəif çıxışına görə məsuliyyəti üzərinə götürməlidir"
"Mançester Yunayted"in sabiq kapitanı Pol Skoulz komandanı və baş məşqçi Joze Mourinyonu son oyunlara görə tənqid edib. "Mankunianlar" Premyer Liqada keçirdiyi son 6 oyunun yalnız 2-də qələbə qazanıb. XalqTV.com goal.az-a istinadən xəbər verir ki, Skoulz "The Sun"a açıqlamasında bunları deyib:
"Şübhəsiz ki, oyunçular imkanlarından aşağı səviyyədə çıxış edirlər. Ola bilsin, məşqçi də buna daxildir. Belə vəziyyət artıq bir müddətdir davam edir. Mourinyo komandanın zəif çıxışına görə məsuliyyəti üzərinə götürməlidir. "Yunayted" mövsümdə artıq 50-60 oyun keçirmiş komandaya bənzəyir. Amma hələ mövsümün ortasıdır. Futbolçular canlanmalıdır. Çünki "qırmızı şeytanlar"ın hələ "ilk dördlüy"ə düşməsinə belə zəmanət yoxdur. Premyer Liqanın turnir cədvəlində "ilk üçlük"də olan komandalardan başqa, "Tottenhem", "Liverpul" və "Arsenal" da var. "Yunayted" əlavə enerji tapmalı, futbolçular isə məşqçiyə qulaq asmalıdır. İndi komandanın lideri yoxdur. Futbolçular bir-birinə qarşı tələbkar deyil, təcrübəli olanlar isə gənclərə kömək etmir".
XalqTV.com
>