Dünya

Baş nazir şitini çıxaranda... - VIDEO - FOTO

  • 23 Feb 2018
  • 285 baxış

Kanadanın baş naziri Castin Trüdonun Hindistana ilk rəsmi səfəri gözlənilən effekti verməyib. Əksinə, xanımı və üç övladı ilə birlikdə Hindistana yollanmış baş nazirin rəsmi səfəri həm Hindistanda, həm də Kanadada çox sərt tənqid olunub.

XalqTV.com Hindustan Times-ə istinadən bildirir ki, viziti ABŞ prezidenti Donald Trampın oğlu Donald Trampın Dehliyə səfəri ilə eyni vaxta düşən Trüdo Hindistanda 8 günlük rəsmi səfərdədir.

Aqra, Amritsar və Mumbaya baş çəkmiş Castin Trüdo Hindistanın digər şəhərlərinə də yollanmaq niyyətindədir.

/>

Bütün dünyada qonaqpərvər hökumət başçısı, "qucaqlaşmağı sevən adam" kimi tanınan Hindistanın baş naziri Narendra Modi kanadalı həmkarı ilə görüşməyib. Hətta Modi Twitter-dəki profilində bu barədə bir kəlmə də yazmayıb.

CNN bu barədə belə məlumat verib: "Modi "qucaqlaşma diplomatiyası" ilə məşhurdur. O, Barak Obama və Donald Trampla da qucaqlaşmışdı. Trüdonun səfəri İsrailin baş naziri Binyamin  Netanyahunun Hindistana bu yaxınlardakı səfərindən çox fərqlənir. Netanyahu Dehlidə təyyarədən enən kimi Modinin qucağına düşmüşdü".

Castin Trüdonu Dehlinin beynəlxalq hava limanında, sadəcə, Hindistanın kənd təsərrüfat naziri Radha Mohan Sinqh xatırlayıb.

Ümumiyyətlə, Trüdonun Hindistana rəsmi səfəri daha çox turist səfərinə bənzəyir.

Castin Trüdo və Narendra Modi bu gün Dehlidəki beynəlxalq iqtisadi forumda görüşəcəklər.

Dünya ölkələrinin dövlət və hökumət başçıları arasında kimsə indiyədək Hindistanda belə soyuq, laqeyd qarşılaşmamış, hindistanlı nazirlərlə bu qədər az görüş keçirməmişdi.

Castin Trüdonu müşayiət edən 6 kanadalı nazir arasında yalnız XİN başçısı Xriste Friland bu gün Hindistanın xarici işlər naziri Suşma Svaracın qəbulunda olacaq.

ABŞ prezidenti Donald Trampın oğlu Donald Trampın Hindistana səfəri isə tam fərqlidir. Bu səfər Dehlidə inşa edilmiş Trump Towers elitar yaşayış kompleksində mənzillərin satışı ilə bağlıdır. Kompleksdə apartamentlərin dəyəri 780000-1,6 milyon dollar arasındadır.

Hindistan mediası iddia edir ki, məhz 40 yaşlı Donald Trampın Dehliyə qeyri-rəsmi səfəri Castin Trüdonun rəsmi səfərinin kölgəyə düşməsinə səbəb olub. Oğul Trampın səfəri barədə xəbərləri Hindistan mediası fasiləsiz yayır. Hindistanın baş naziri Modi də bu gün D.Trampla görüşəcək.

>

/>

Kanadalı ekspertlər isə əksinə, hesab edirlər ki, Ottava ilə Dehli arasındakı soyuqlaşma illər əvvəl, Castin Trüdo hökumətə 3 sikh naziri daxil edəndən sonra başlanıb.

Rəsmi Dehli hesab edir ki, həmin nazirlər Hindistanın Pəncab ştatındakı sikh ekstremistlərlə sıx bağlıdır. Pəncabdakı sikhlər "müstəqil Xalistan dövləti" qurmaq istəyirlər.

Castin Trüdo iki il əvvəl "Mənim hökumətindəki sikh nazirlərin sayı Hindistan hökumətindən daha çoxdur" bəyanatına görə Dehlidə çox sərt tənqid olunmuşdu.

Rəsmi Dehli Kanada ilə münasibətləri prioritet saymır.

Castin Trüdo naqolay vəziyyətdən çıxmaq üçün deyib: "Əslində, Modinin məni qarşılamamasını problem saymıram. Bu yaxınlarda Kanadada görüşmüşdük".

Trüdo, yumşaq desək, yalan danışır. Çünki Narendra Modi Kanadaya 2015-ci ilin aprelində səfər etmişdi. Həmin dönəmdə isə Kanadanın baş naziri Stiven Harper idi.

Bütün bunlarla yanaşı, Castin Trüdonun və onun ailə üzvlərinin Hindistanda ölkənin milli paltarlarında dolaşması da hindistanlıların xoşuna gəlməyib.

Outlook India yazır: "Castin Trüdo lap şitini çıxarıb. Ona nə üçün deməyiblər ki, geyindiyi paltarlar zövqsüzdür və hökumət başçısına yaraşmır?!"

Kanadada da Trüdonu tənqid ediblər. Kanada mediası yazır ki, Castin Trüdonun və ailəsinin Hindistanda sürəkli dəyişdikləri hind geyimləri Kanadanın dövlət büdcəsinin hesabına alınır.

Hindistanda və Kanadada sosial şəbəkələrdə sərt tənqid olunan, lağlağı obyektinə çevrilən Castin Trüdo bu gün yenidən "ənənəvi" kostyuma dönüb.

Orxan Hun
XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR