Bakıda kirayəyə verilən maşın qaçırıldı
Hadisə Nəsimi rayonu ərazisində yerləşən “Rent A Car” şirkətində baş verib.
Oğurluq haqqında Nəsimi rayonunun 19-cu polis bölməsinə “Rent A Car” şirkətinin sahibi, 1984-cü il təvəllüdlü Zaur Zərgərov ərizə iə müraciət edib. Sahibkarın sözlərinə görə, o, 4 gün müştərinin maşını geri gətirəcəyini gözləyib. Lakin beşinci gün anlayıb ki, oğurluqla qarşılaşıb və polisə müraciət edib.
Məlum olub ki, 16 fevral tarixində, Cəbiyev 2A/1 küçəsi ünvanında yerləşən şirkətə Gürcüstan vətəndaşı Cəlilov Samir Qabil oğlu maşın icarəsi üçün müraciət edib. Həmin şəxs “Toyota” markalı avtomobili müvəqqəti istifadə üçün götürüb. Tezliklə Cəlilov avtomobilin hərəkətini izləmək mümkün olmasın deyə “GPRS” cihazını söndürüb.
Faktla bağlı Nəsimi RPİ-də cinayət məcəlləsinin 185-ci ( talama məqsədi olmadan nəqliyyat vasitəsini qaçırma) maddəsi ilə cinayət işi başlayıb. Hal-hazırda oğurlanmış avtomobil və Gürcüstan vətəndaşının axtarışı ilə Nəsimi RPİ əməkdaşları məşğuldur.