idman

\"Bunu sensasiyalı qələbə hesab etmirəm\"

  • 05 Mar 2018
  • 36873 baxış

"Neftçi"nin yarımmüdafiəçisi Namiq Ələsgərov Topaz Premyer Liqanın 18-ci turunun "Qəbələ" ilə oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.

XalqTV.com qol.az-a istinadən xəbər verir ki, o, əvvəlcə 2:1 hesablı səfər qələbəsini şərh edib.

- Çətin oyun keçdi. "Qəbələ" ölkəmizin güclü komandalarından biridir. Hesabda geri düşməyimizə baxmayaraq, çox çalışdıq və əzmkar qələbə qazandıq. Çox sevinirik.

- Sənin zərbəndən sonra top qapı tirindən qayıtdı. Bundan cəmi 3-4 dəqiqə sonra "Qəbələ" hesabı açdı. Həmin an psixoloji sarsıntı keçirmədin?
- Əlbəttə, heyfsləndim. Qol olsaydı, daha yaxşı olardı. Futboldur, hər top qapıya daxil ola bilməz. Əsas odur ki, axırı yaxşı qurtardı.

- Qış fasiləsindən sonra ən yaxşı oyununu keçirdin. Artıq formanı yığdığını hesab edirsən?
Bundan sonra üzərimdə işləyib daha da artırmağa çalışacam. Start heyətdə yerimi möhkəmlətmək istəyirəm.

- Gələn mövsüm də "Neftçi"də qalacaqsan, yoxsa "Jilina" təklif göndərsə, gedəcəksən?
-Bu barədə danışmaq istəmirəm. "Neftçi" ilə müqaviləmi 1 il daha uzatmışam. Burda qalmaq istəyirəm.

>

- Ümumiyyətlə, ölkə xaricində oynamaq haqda düşünmürsən?
- Hamı legioner həyatı yaşamaq istəyir. Mənim də arzumdur ki, yaxşı klublarda oynayım. Qismət, nəyin necə olacağını bilmək olmur. Hələ ki, "Neftçi" ilə uğur qazanmaq, Avroliqaya çıxmaq istəyirəm.

- Oyunu Qurban Qurbanov da izləyirdi. Səncə, millinin baş məşqçisinin diqqətini cəlb edə bildin?
- Hamımız yaxşı oyun göstərib, milli komandaya düşmək üçün çalışırıq. Ümid edirəm ki, Qurban müəllimin diqqətini cəlb edə biləcəm.

- Millinin mart ayına nəzərdə tutulan təlim-məşq toplanışına dəvət gözləyirsən?
- Hər futbolçu kimi mən də istəyərəm ki, milliyə dəvət alım.

- "Qəbələ" kubokda da rəqibinizdir. Yəqin, razılaşarsan ki, səfərdə bu komandanı udmağınız sensasion qələbə oldu...
- Yox, mən belə demərəm. Çünki biz də "Neftçi"yik, istənilən komanda ilə başabaş oynaya biləcək gücdəyik. Ona görə də bunu sensasiyalı qələbə hesab etmirəm.

- Səncə, bu qələbə komandanın inam hissini artıracaqmı?
- Əlbəttə, qələbə qazanmağımız yaxşı oldu. Kubok oyununa daha inamlı çıxacağıq. Amma kubokla çempionat oyunları fərqlidir. Hərəsinə bir cür hazırlaşırıq.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR