8000-dən çox vətəndaşın güzəştli mənzil əldə etmək hüququ təsdiqlənıb
Bu günədək "Güzəştli mənzil" elektron sistemi vasitəsilə 8000-dən çox vətəndaşın mənzil əldə etmək hüququ təsdiqlənib və onların hər biri üçün şəxsi elektron kabinetin yaradılması təmin edilib.
Bu barədə martın 14-də Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyində (MİDA) Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasına üzv olan gənclər təşkilatlarının nümayəndələri ilə keçirilən görüşdə bildirilib.
Görüşdə gənclərə MİDA-nın strukturu və fəaliyyət istiqamətləri, ölkədə uyğun qiymətə mənzil təminatı sahəsində görülən genişmiqyaslı işlər, hazırda reallaşdırılan tikinti layihələri, inşa olunan yaşayış komplekslərinin şəhərsalma və memarlıq xüsusiyyətləri, habelə gələcək sakinlərinin rahat və sağlam yaşayışı üçün yaradılan infrastruktur barədə ətraflı məlumat verilib.