Müqəddəs Məryəm Katolik Kilsəsində görüş - FOTO
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, Multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov Bakıda yerləşən Müqəddəs Məryəm Katolik Kilsəsini ziyarət etmiş, kilsə binasındakı rəsm qalereyası, ibadət zalı və inzibati bina ilə tanış olmuşdur. Daha sonra Azərbaycan Respublikasında Katolik kilsəsinin Apostol Prefekturasının ordinarisi, yepiskop Vladimir Fekete ilə görüş keçirilmişdir.
/>
XalqTV.com xəbər verir ki, görüşdə əməkdaşlıq məsələləri müzakirə və onun inkişaf perspektivləri ətraflı müzakirə edilmişdir. Görüşdə həmçinin yepiskop Vladimir Fekete ölkəmizdə katolikliyin tarixi və fəaliyyəti haqqında geniş məlumat verərək, dövlətin icmaya göstərdiyi qayğıdan yüksək məmnunluğunu ifadə etmişdir. Etibar Nəcəfov öz növbəsində ümummilli lider Heydər Əliyevin Katolik dini icmasına yüksək diqqət və qayğı ilə yanaşmasından, hazırda bu siyasətin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən bəhs etmişdir. O, həmçinin Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevanın da katolik icmasına xüsusi diqqət yetirməsindən, Heydər Əliyev Fondunun Roma Katolik Kilsəsi ilə sıx əməkdaşlığından danışmışdır.
Görüşdə yepiskop Vladimir Feketeyə "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında" kitabı təqdim edilmişdir.
Görüşdə Millətlərarası münasibətlər, Multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Ceyhun Məmmədov da iştirak etmişdir.
Qeyd edək ki, Azərbaycanda katolik icmalarının inkişaf dövrü orta əsrlərə təsadüf edir. Bu dövrdə Bakıda, Şamaxıda, Gəncədə, Təbrizdə, Naxçıvanda və başqa şəhərlərdə Roma-katolik kilsəsinin mənsubları məskunlaşaraq monastır, kilsə və tədris ocaqları yaratmışlar. Şimali Azərbaycanın Rusiya imperiyası tərəfindən işğalından sonra bütün katolik icmalar öz fəaliyyətlərini dayandırsalar da, XIX əsrin ikinci yarısından - XX əsrin əvvəllərinə qədər olan dövr icmanın həyatında əhəmiyyətli mərhələ dövrü kimi səciyyələnmişdir. Çünki bu dövrdə Azərbaycanda katolik xristianlığına və digər qərb kilsələrinə mənsub əcnəbilərin artımı baş vermişdir. Bunun səbəbi "neft bumu", Polşa üsyanı iştirakçılarının və Rusiya imperiyasının bütün bölgələrindən olan katoliklərin Qafqaza sürgünü ilə əlaqədardır.
XIX əsrin 80-ci illərində Bakıda katoliklərin sayı min nəfəri ötmüşdü. Bakı prixodu da elə bu dövrdə müstəqilləşmişdir. Sonralar isə Müqəddəs Məryəmin Bakirə Hamiləliyi şərəfinə kilsə (1895-ci ildə) tikilməyə başlamış və onun fəaliyyəti 1900-cu ildə Çar fərmanı ilə təsdiqlənmişdir. Bundan başqa, Bakı qəbiristanında 1903-cü ildə Müqəddəs Xaç kilsəsi, 1912-ci ildə isə qotik üslublu Müqəddəs Məryəmin Bakirə Hamiləliyi katolik məbədi tikilmişdir.
Sovetlər İttifaqı dağılandan və Azərbaycan Respublikasının dövlət müstəqilliyi yenidən əldə olunduqdan sonra ölkəmizdə katolisizmin dirçəlməsinə şərait yaranmışdır. Xüsusən ümummilli lider Heydər Əliyevin yerli katolik icmanın inkişafında oynadığı mühüm rol danılmazdır. Onun yerli katolik dindarlarına qayğı göstərməsi respublikamızda katolik icmanın inkişafına rəvac vermişdir.
Günümüzdə bu siyasət dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Respublikası ilə Vatikan dövləti arasında qurulan yüksək diplomatik əlaqələr fonunda katolik icmanın hərtərəfli dövlət dəstəyi ilə əhatə olunması bunu deməyə əsas verir.
Qeyd edək ki, ilk dəfə katolik icması 31 yanvar 2002-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən dövlət qeydiyyatından keçmişdir. Elə həmin ilin may ayında ölkəmizdəki katoliklərin tarixində ən yaddaqalan hadisə baş verir. Belə ki, ulu öndər Heydər Əliyevin dəvəti ilə Roma Papası II İoann Pavel ölkəmizə rəsmi səfərə gəlir. Pontifikin səfəri Azərbaycandakı katoliklərin taleyində yeni səhifə açır. Hava limanında ümummilli lider Heydər Əliyev tərəfindən qarşılanan Katolik Kilsəsinin başçısı çoxsaylı mərasim və görüşlərdən sonra Əl Oyunları Sarayında messa keçirir.
>Roma Papasının səfəri zamanı yerli katoliklər üçün başqa bir mühüm hadisə baş verir. Ümummilli lider Heydər Əliyevin göstərişi ilə katolik məbədin tikilməsi üçün Xətai rayonu ərazisində torpaq sahəsi ayrılır. Nəticədə 2007-ci ilin fevral ayında Bakının mərkəzində katolik kilsəsi ucaldılır. 26 sentyabr 2008-ci ildə Heydər Əliyev Fondu ilə ölkəmizdəki katolik icma arasında əməkdaşlıq memorandumu imzalanır. Sənədə əsasən, tərəflər müəyyənləşdirilən sahələr üzrə inkişaf, yenidənqurma layihələrinin gerçəkləşdirilməsi, sosial və dini təyinatlı obyektlərə yardımın göstərilməsi, Azərbaycanda məskunlaşan xalqların etnomədəni komponentlərinin inkişafına yönələn tədbirlərin həyata keçirilməsini qarşılarına məqsəd qoyurlar. Bu memorandum çərçivəsində Heydər Əliyev Fondu tərəfindən Müqəddəs Ruhun həvarilərə nazil olmasını təsvir edən klassik vitraj və Müqəddəs Rozariyanın dualarındakı sirlərdən bəhs edən keramik pano "Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi" kilsəsinə hədiyyə olunmuşdur.
Fondla Müqəddəs Taxt-Tac arasında günü-gündən inkişaf edən əlaqələr fonunda mühüm mədəni layihələr həyata keçirilir. 3 iyun 2014-cü ildə Fond tərəfindən Vatikan Muzeyində Zevsin heykəlinin bərpasına, o cümlədən "Sistina" zalında yenidənqurma işlərinin aparılmasına dair iki saziş imzalanır. 2 iyun 2014-cü ildə Mehriban Əliyeva və Jan Lui Bruqes "2015-2016-cı illərdə yeni əlyazmaların bərpa edilməsi və onların rəqəmsallaşdırılması"na dair yeni müqavilə bağlayırlar. Habelə Vatikan dövləti ilə 2012-ci ildə imzalanan ikitərəfli sazişə əsasən, Fondun dəstəyi ilə bərpa edilən Müqəddəs Marçellinio və Pietro katakombalarının 23 fevral 2016-cı ildə açılışı olub.
Azərbaycanla Vatikan arasındakı əlaqələrin yüksək olduğunu göstərən nümunələrdən biri də Roma Papası Fransiskin 2016-cı ilin oktyabr ayının 2-də ölkəmizə rəsmi səfər etməsidir. Bu tarixi səfər çərçivəsində Papa Fransisk ilk öncə Bakıdakı Katolik kilsəsində messa ayinini icra etmiş, katolik icmasının üzvləri ilə görüşmüşdür.
Daha sonra Papa Fransiskin rəsmi qarşılanma mərasimi olmuşdur. Mərasim başa çatdıqdan sonra Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın, eləcə də ailə üzvlərinin Roma Papası Fransisk ilə görüşü keçirilmişdir.
Papa həmçinin Şəhidlər xiyabanını ziyarət edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşdur. Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Roma Papası Fransisk Heydər Əliyev Mərkəzində ictimaiyyətin nümayəndələri qarşısında çıxış etmişlər. Burada Papa Fransisk Azərbaycanın mədəniyyət, incəsənət, ədəbiyyat və elm xadimləri ilə də görüşmüş, Heydər Əliyev Mərkəzinin xatirə kitabına ürək sözlərini yazmışdır.
Eyni zamanda səfər çərçivəsində Roma Papası Fransiskin Heydər Məscidində olmuş, burada ölkəmizdə fəaliyyət göstərən dini icmaların nümayəndələri ilə görüşmüşdür. Onu Heydər Məscidində Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə qarşılamış, Heydər Məscidi barədə Papaya geniş məlumat vermişdir.
Qeyd olunan faktlar belə deməyə əsas verir ki, respublikamızda katolik icma və onun mərkəzi olan Müqəddəs Taxt-Tacla əlaqələr bəsit dövlət-din münasibətləri formatında qurulmur. Və bunu adi hal saymaq olmaz. Düzdü, katoliklərin ölkəmizdəki sayı o qədər də çox deyil. Hətta onlar say etibarilə başqa xristianlardan geri qalırlar. Lakin tarixi faktlar onu göstərir ki, Azərbaycandakı xristian konfessiyaları arasında katolisizm qədimliyinə görə Alban Kilsəsindən sonra gəlir. Sadəcə tarixin axarı və gedişatı bu ənənənin hər dəfə qopmasına səbəb olmuşdur.
Apostol Prefekturası respublikamızda mövcud olan müxtəlif dini qurumlarla, o cümlədən Qafqaz Müsəlmanları İdarəsi, Alban-Udi Xristian dini icması, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası ilə əməkdaşlıq etməyə və dostluq münasibətləri saxlamağa çalışır. Dövlət səviyyəli tədbirlərə və təntənəli dini bayram mərasimlərinə prefekturanın rəhbərinin dəvət olunması artıq bir ənənə halını alıb.
XalqTV.com