Dünya

Mən necə fosilləşdim?

  • 03 May 2018
  • 156248 baxış

Hər bir daşlaşmış qalıq kiçik bir möcüzədir. Bill Bryson özünün Hər şeyin kiçik tarixçəsi (A Short History of Nearly Everything) kitabında qeyd etdiyi kimi, təxminən bir milyon sümükdən yalnız biri fosilləşə bilər.

Eyni zamanda tutaq ki, bu gün ABŞ-da dəfn edilmiş insanların sümüklərinin gələcəkdə kiminsə tərəfindən aşkar edilməsi də demək olar ki, mümkün deyil.

Fosilləşmə o qədər nadir hadisədir ki, alimlər hesab edir ki, mövcud olmuş bütün heyvanların bir faizinin yalnız onda biridən azı fosilləşib. Onlardan çox az bir qismi aşkar edilib.

Biz isə insan olaraq bəzi şeylərə nəzər salmalıyıq: bizim sümüklərimiz daha sərtdir və nisbətən cüssəliyik. Yəni, meduza və ya soxulcanla müqayisədə bizim fosilləşmə ehtimalımız daha çoxdur.

Lakin bizim fosilləşmə şansımızı artıran başqa şeylər də var.

Tafonomiya dəfn, çürümə və mühafizəni öyrənən elmdir - orqanizm öldükdən fosilləşməyə qədər bütün proses.

Necə fosilləşməli sualına cavab tapmaq üçün BBC Future dünyanın bəzi ən tanınmış tafonomistləri ilə danışıb.

1. Tez dəfn edilin

"Bütün məsələ öldükdən sonra bədənin yaxşı vəziyyətdə saxlanılmasıdır - çöküntülərin altında uzun müddət qaldıqdan sonra fosilləşməyə doğru fiziki və kimyəvi dəyişiklik", Oxford Universiteti Təbiət Tarixi Muzeyinin tafonomisti və kolleksioneri Sue Beardmore deyir.

"Milyon illər qorunmaq üçün siz həmçinin ilk saatı, günləri, fəsilləri, onillikləri, əsrləri və minillikləri toxunulmaz qalmalısınız", Chicago Universitetinin professoru olan Susan Kidwell əlavə edir.

Fosilləşmənin baş tutmaması üçün sonsuz səbəblər ola bilər. Bir çox proseslər 20-50 sm torpağın altında baş verir.

Siz cəsədinizin yırtıcı heyvanlar tərəfindən yeyilməsini və ya üzə çıxmasını istəməzdiniz. Eyni zamanda qalıqlarınızın yereşən heyvanların hücumuna məruz qalmasını da arzulamazdınız.

/>Kanadanın Badlands ərazisində yatan sümüklər buranı dinozavr fosillərinin ən zəngin olduğu bölgələrdən biri edir

Sürətli basdırılmaya gəlincə isə, bəzən təbii fəlakətlər köməyə gəlir. Misal üçün, daşqınlar böyük miqdarda çöküntüləri gətirir və ya vulkan püskürmələri hər şeyi palçıq və ya küllə basdırır.

"Dinozavr sümüklərinin aşkarlanmasının necə mümkün olmasına dair nəzəriyyələrdən biri ondan ibarətdir ki, ilk olaraq dinozavrlar quraqlıq nəticəsində həlak olub və ardınca daşqınların gətirdiyi çöküntü və lilin altında qalıblar", Berdmore deyir.

2. Su tapın

Sözsüz ki, ilk mərhələ ölməkdən keçir, lakin siz hər yerdə ölə bilməzsiniz. Ölmək üçün münasib yerin seçilməsi əsas məsələdir.

Burada diqqətə alınmalı olan şeylərdən biri sudur. Quraqlıq şəraitində ölsəniz, heyvanların üzə çıxardığı sümükləriniz quruyub yoxa çıxacaq.

Bir çox ekspertlər hesab edir ki, ən yaxşı dəfn məkanı göllər, vadilər və çaylardır, ya da dənizin dibi.

"Ən yaxşı fosillərin əldə olunduğu yerlər göl və çay sistemləridir", Avstraliyadakı Queensland Universitetinin tafonomisti Caitlin Syme deyir.

Vacib olan çöküntülərin altında tez bir zamanda qalmaqdır. Syme deyir ki, dağlardan gələn çaylar çoxlu çöküntülər gətirir.

Ən yaxşısı isə oksigenin çatışmadığı şəraitlərdir. Bu cür yerlərdə cəsədinizlə qidalanacaq heyvanlar və mikroorqanizmlər yaşaya bilmirlər.

/>Düzgün mühiti seçməklə siz də arxeopteriks kimi 150 milyon il qoruna bilərsiniz

Nadir hallarda isə bu cür sakit, anoksik (oksigen çatışmazlığı olan mühit) şəraitlərdə əmələ gəlmiş fosillər dəri, lələk və daxili orqanlarını qoruya bilirlər.

Misal olaraq, Çin və Bavariyada aşkar edilmiş ilkin quşların arxeopteriksin fosillərini göstərmək olar.

Fosiliniz bioloji aktiv qatdan aşağı düşdükdən sonra stabilləşir və daha çox çöküntülərin altında qalmağa davam edir, Kidwell deyir.

Sual isə ondan ibarətdir ki, cəsədi örtən çöküntülər nə qədər sonra daşlaşmağa və geoloji fəallıq nəticəsində üzə çıxmağa başlayır.

3. Tabutu unudun

İndi fosilin texniki baxımdan nə olduğuna diqqət yetirək və bədəninizin necə bir fosil olmasını istədiyinizə nəzər salaq.

Ümumən təxminən 50 000 il yaşa malik istənilən şey "subfosil" olaraq tanınır. Onlar əsasən hələ də orqanizmin orijinal toxumalarından ibarətdir.

Buna misal olaraq Cənubi Amerikada tapılmış nəhəng məməli tənbəlləri, Avropadakı mağara ayılarını və Avstraliyada aşkar edilmiş kisəli aslanları göstərmək olar.

Buna baxmayaraq bədəninizin milyon illər mövcud olacaq fosilə çevrilməsini istəyirsinizsə, onda mineralların sümüklərinizə hoparaq onları daha sərt maddələrlə əvəzləməsində maraqlı olmalısınız.

"Permineralizasiya" adlanan bu proses bir növ tamhüquqlu fosil yaradır. Proses milyon illər ərzində baş verir.

Buna görə də tabutdan əl çəkin. Tabut skeleti yaxşı vəziyyətdə qoruyub saxlasa da, bu prosesə mane olacaq.

Lakin tabutun işə yaraması da mümkündür. New South Wales Universitetinin paleontoloqu Mike Archer içi qumla dolu və yüzlərlə kiçik dəliyi olan beton tabutda dəfn edilməyi təklif edir. Daha sonra isə onu suyun axacağı qədər dərində basdırılması lazımdır.

Minerallara gəlincə isə, kalsitə çökə biləcək kalsium ionları xüsusilə yaxşıdır. "O, bədəni bir növ sementləşdirib onu qoruyur ki, bu da uzun müddət üçün çox faydalıdır", Syme deyir.

>

/>Əgər fosilinizə xüsusi xarakter vermək istəyirsinizsə, bir az mis ilə ona rəng qatın

Qumdan olan silikatlar da faydalı ola bilər. Archer hətta təklif edir ki, fosillərinizi xüsusi mavi-yaşıl rəngə salmaq istəyirsinizsə mis zolaqlar və nikel piltələri ilə dəfn edilin.

4. Tektonik plitələrin kənarlarından yayının

Əgər ilk yüz min il ərzində qoruna bilsəniz və minerallar sümüklərinizi əvəz edə bilisə, təbriklər! Siz müvəffəqiyyətlə fosilə çevrilə bilmisiniz.

Daha çox üzəriniz örtüldükcə və yerin dərinliyinə doğru getdikcə isti və təzyiq prosesi daha da sürətləndirəcək.

Lakin bu, hər şeyin həll olunduğu mənasına gəlmir. Fosiliniz o qədər dərinə gedə bilər ki, istidən və təzyiqdən əriyə bilər.

Bunun baş verməsini istəmirsinizʔ Yerin qabığının getdikcə çökəcəyi tektonik plitələrin uclarında dəfn edilməkdən yayının. Belə zonalardan biri İrandır. Orada Avrasiya Plitəsi İran Plitəsinə nisbətən qalxmaqdadır.

5. Kəşf edilin

İndi isə mümkün kəşf edilmək haqqında düşünməyin vaxtıdır.

Siz elə bir yerdə dəfn edilməlisiniz ki, aşınma və eroziyalar nəticəsində yerin səthi təmizlənsin və fosiliniz üzə çıxsın.

/>Ölü dənizi fosilinizin qorunması üçün münasib yer ola bilər

Ən münasib yerlərdən biri Aralıq dənizi ola bilər, Syme deyir. Afrika Avropaya yaxınlaşdıqca o, dayazlaşmağa başlayır.

"Yəqin ki, Ölü dənizində yüksək duzluluq sizi qoruyub saxlayacaq", o əlavə edir.

6. Ya da hiylə işlədin

Biz sümüklərin daşlaşacağı qədər möhkəm fosillərin əmələ gəlməsi üçün standart metodlardan söz açdıq.

Bu siyahının başında kəhrəba gəlir. Ağac qatranından əmələ gəlmiş bu qiymətli daşın içində çox ideal şəkildə qorunmuş fosillər var.

Onların arasında son illər Myanmada aşkar edilmiş quşlar, kərtənkələlər və hətta lələkli dinozavr quyruqları da var.

"Əgər yetərincə böyük miqdarda ağac qatranı tapıb, kəhrəbanın içində bürünə bilsəniz bu, yumşaq toxumalarınız və sümüklərinizin qorunması üçün ideal variantdır", Syme deyir.

"Lakin belə böyük heyvan üçün bu miqdar kəhrəba tapmaq çox çətindir".

Yetərincə kəhrəba tapa bilmirsinizʔ Növbəti çıxış yolu qır çuxurlarıdır. Onlar Los Angeles-də qılınc dişli pişik və mamontları qoruyub saxlayıb.

Başqa bir yolu isə dağ və ya buzlaqda donmaqdır. Buz adamı Ötzi 1991-ci ildə Alp dağlarında aşkar edilib.

/>Buz adamı Ötzinin taleyi uğurlu olmasa da, buzlaqlar onun bədəninin qorunması üçün vacib rol oynayıb

Digər bir ağlabatan addım isə bədəninizin təbii yolla mumyalanması olardı, mağara sistemində bədəninizin qurudulması ilə.

"Çoxlu sayda mağara sistemi qalıqları mövcuddur ki, yeraltı sulardan kalsiumla örtülüb", Syme bildirir.

Bədəninizin əbədi qorunması üçün ən son metod isə fəzaya uçmaq olardı və ya heç bir atmosferin olmadığı Aya atılmaq.

"Əgər bədəninizin çürüməsini istəmirsinizsə, fəzadakı boşluq çox yaxşı işə yarayar", Syme iddia edir.

O əlavə edir ki, gələcəkdə aşkar edilmək üçün özünüzə radio mayak əlavə edə bilərsiniz.

7. Özünüzlə əlavə nə isə saxlayın

Güman etsək ki, milyon illər sonra aşkar ediləcəksiniz, yanınızda nəyin qorunmasını istərdinizʔ

Plastiklər (bəlkə stress çarxıʔ), bioloji cəhətdən parçalanmayan digər məhsullar, məsələn, qızıl və mobil telefonlardakı nadir metallar da sizinlə birgə qoruna bilər.

/>Mobil telefonlar bizim gələcək nəsillərə ötürəcəyimiz artefaktlardan biri ola bilərmiʔ

Şüşə də dözümlüdür və yüksək təzyiq və hərarətə davam gətirə bilər.

Archer qeyd edir ki, kiçik şüşə parçasının üzərinə ZÖVQ ALIN! cızmaqla onu fosilinizlə birgə saxlaya bilərsiniz.

"100 faiz əmin olmaq üçün mən brilyantdan istifadə edərdim", Syme əlavə edir.

Yadınızda saxlayın ki, yazdığınız sözlər yoxa çıxacaq və atdığınız addımlar unudulacaq. Bəs fosilʔ O isə bəlkə də əbədi yaşayacaq.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR