\"Doğulandan bir ay sonra dərisi soyulmağa başlayır\"
Bütün dövrlərdə ölkəmizdə qohum evliliyinə daha çox üstünlük verilib. Əksər hallarda da yaxın qohumlar övladlarını yada yox, məhz öz qohumuna verməyi üstün tuturlar. Bunun bir çox psixoloji və sosial səbəbləri var, amma qohum evliliyi həmin nikahlardan doğulacaq uşaqlarda ciddi sağlamlıq problemləri yaradır.
XalqTV.com ailem.az-a istinadən Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasının II mama-ginekologiya şöbəsinin müdiri Turab Canbaxışovun bununla bağlı məlumatlarını diqqətinizə çatdırır.
Ginekoloq bildirir ki, qohum evliliyi Azərbaycanda çox aktual bir mövzudur: "Bəzi rayonlarda, hətta bəzi şəhərlərdə evliliklər istər-istəməz uzaq da olsa qohumluğa səbəb ola bilər. Ancaq burada daha çox problem olaraq qohumluq nikahından söz getmir. Burada söhbət Azərbaycanda insanların bəzi xəstəliklərin daşıyıcısı olmalarından gedir. Daha çox rast gəlinən talassemiya, əzələ xəstəlikləri (SMA), ailəvi aralıq qızdırması (FMF) və s. Talassemiya xəstəliyi daha çox qan azlığına səbəb olur. O, xəstəlik kimi də özünü büruzə verə bilər, gizli qalıb övladına da keçə bilər. Bu zaman qan çox aşağı olur və ona sümük iliyinin transplantasiyası, yaxud daimi qan köçürülməsi həyata keçirilir. Bu, çox ağır xəstəlikdir. Nikahda olan insanların daşıyıcılığı varsa, özləri sağlam olsalar belə, övladlarına keçə bilər. O cümlədən bəzi dəri xəstəlikləri var. Misal üçün ixtiozis. Son bir il ərzində biz üç uşağa dəri xəstəliyinin diaqnozunu qoymuşuq. Anada da, atada da bir problem yoxdur, amma uşaq doğulur, bir ay sonra başlayır bütün dərisi pul-pul olmağa, soyulmağa".
>Həkimin sözlərinə görə, ürək qüsurları qohum nikahlarında daha çox ortaya çıxır: "Bizim orqanlarımız içərisində ən mürəkkəb quruluşa malik orqan ürəkdir. Biz qohum nikahından onun üçün qorxuruq ki, qohumlarda adətən müəyyən xəstəliklərin daşıyıcılığı olur. Yəni qohum o deməkdir ki, onların kökü bir yerə gedib çıxır. Onun kökündə bir xəstəlik mövcuddursa, bu o deməkdir ki, cütlüyün hər ikisində də xəstəliyin daşıyıcılığı var. Bu xəstəliyin də daşıyıcılığı varsa, uşaqlarında ortaya çıxma ehtimalı yüksəlir".
O qeyd edir ki, son illər respublika üzrə nikahdan əvvəl talassemiyadan analiz verilir: "Bu hal talassemiyanın qarşısını tamamilə alır deməsək də, ən azından diaqnozunu zamanında qoya bilirik. Yəni iki talassemiya daşıyıcısı olan cütlük bir araya gəlirsə, o demək deyil ki, onlar mütləq ayrılmalıdır. Onun da çarəsi var. Hamiləliyin 4-cü ayında müəyyən testlər olunur və dölün xəstə olub-olmadığını müəyyən edərək, hamiləliyin davam etdirilib-etdirilməməsinə qərar verə bilirik".
XalqTV.com