Ermənistan ziddiyyətlərin məngənəsində
Paşinyanın üzləşdiyi gərgin vəziyyətdən çıxış yolu var?
XalqTV.com kaspi.az-a istinadən yazını təqdim edir.
Ermənistanda yeni baş nazirin seçilməsinə baxmayaraq, daxili siyasi vəziyyət gərgin olaraq qalır. Ölkədə bir növ ikihakimiyyətlilik hökm sürür. Bir tərəfdə əksəriyyəti keçmiş hakimiyyət partiyasının üzvlərinin təmsil olunduğu parlament, digər tərəfdə isə azlıqda olan hökumət üzvləri təmsil olunur. Ermənistan Respublika Partiyasının hökumətin fəaliyyətini boykot etməyəcəkləri barədə bəyanatlarına baxmayaraq, ziddiyyətli vəziyyətin yaranacağı təhlükəsi aktual olaraq qalır. Daxili siyasi vəziyyətdən çıxış yolu kimi növbədənkənar parlament seçkilərinin keçirilməsi göstərilir. Lakin bu məsələ ətrafında tərəflərin mövqeləri üst-üstə düşmür və ziddiyyət təşkil edir. Bir tərəfdən hökumət və keçmiş müxalifət partiyaları, ilk növbədə Nikol Paşinyanın lideri olduğu "Vətəndaş müqaviləsi" partiyasının timsalında siyasi qüvvələr növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirlər. Parlament qüvvələrindən analoji mövqeni "Çarukyan" bloku dəstəkləyir. Bu blokda əvvəlki kimi aparıcı qüvvə "Çiçəklənən Ermənistan" partiyasıdır. Digər tərəfdən, cəmiyyətdə məlum hadisələr üzündən heç bir dəstəyi olmayan Respublika Partiyası hər hansı bir növbədənkənar seçkilərin keçirilməsinə lüzum görmür. Və bəyan edir ki, 2022-ci ildə keçiriləcək seçkilərə hazırlaşırlar. Vəziyyətdən optimal çıxış yolu siyasi qüvvələr, xüsusən də parlament və hökumətdə təmsil olunanlar arasında konsensusun əldə olunması olar bilər. Lakin qütbləşmə vəziyyətində konsensusun əldə olunması az ehtimal olunur. Qeyd edək ki, söhbət Seçki Məcəlləsinə ediləcək dəyişikliklərdən gedir. Gələn ayın sonu Seçki Məcəlləsinə dəyişikliklərin edilməsi nəzərdə tutulur. Burada ilk növbədə söhbət, reytinqli səsvermənin ləğvindən gedir. Əvvəllər Respublika Partiyası xüsusi texnologiyalar, daha dəqiq desək seçicilərin pulla ələ alınması ilə reytinqli səsvermədən öz maraqları naminə istifadə edirdi. Hökumət Seçki Məcəlləsinə dəyişikliklər edilməsini, o cümlədən partiyalarla məsləhətləşmələr aparılması barədə tapşırıq verib. Bu məqsədlə "Məlumatlandırılmış Vətəndaşlar İttifaqı" da təsis edilib. Bu təşkilata rəhbərlik edən Daniel İonnisyan bildirib ki, məsləhətləşmələr yaxın günlərdə davam edəcək. Onun sözlərinə görə, əgər keçmiş iqtidar partiyası - Respublika Partiyası ilə Seçki Məcəlləsinə dəyişikliklər edilməsi ilə bağlı razılaşma əldə olunmasa, onda hökumət Ədliyyə və Konstitusiya Məhkəməsinə reytinq sisteminin antikonstitusion olması barədə iddia ilə müraciət edəcək. Əgər bu baş verməsə, onda növbədənkənar seçkilərin referendum vasitəsilə keçirilməsi qərara alına bilər.
Bütün bu qeyd olunan variantları nəzərə alaraq, qeyd etmək olar ki, yaranmış vəziyyətdə növbədənkənar seçkilər də çıxış yolu olmaya bilər. Məsələ ondadır ki, 2019-cu il mayın 9-na kimi növbədənkənar seçkilər yalnız bir halda mümkündür - Paşinyanın istefası halında. Qanunvericiliyə görə, parlament baş nazir seçildikdən sonrakı bir il ərzində ona etimadsızlıq göstərə bilməz. Baş nazirin istefası parlamentdə çoxluğa malik keçmiş iqtidar partiyasının yenidən hakimiyyətə qayıdışı demək olar. Paşinyan özü də bəyan edir ki, seçkilər bu ilin sonuna kimi keçirilə bilər. Ola bilsin Paşinyanın özünə bu qədər inamlı olması parlamentin onun istefasından sonra yeni baş nazir seçə bilmək iqtidarında olmaması ilə izah olunur. Lakin buna qədər Respublika Partiyasının fraksiyası dağılmalıdır. Bu isə hələ baş vermir. Ola bilsin, baş nazir ümid edir ki, respublikaçılarla bağlı antikorrupsioner açıqlamalar verməklə bunu reallaşdırmaq mümkündür. Artıq bu mexanizm işə salınıb. Buna qədər isə daxili siyasi vəziyyətin gərginləşməsi aktual məsələ kimi qalacaq. Böhranın qarşısını və yaranmış dalan vəziyyətindən çıxış yolu isə özü ilə çoxsaylı problemlər gətirə bilər. Burada ilk məsələ isə respublikaçıların sıralarındakı parçalanma ola bilər. Paşinyanın antikorrupsiya bəyanatları da məhz buna yönəlib.
XalqTV.com