Xəbərlər

Qanlı fevral gecəsinin dəhşətləri xalqımızın genetik yaddaşında hər zaman yaşayacaq

  • 27 Feb 2019
  • 2231 baxış

Qarlı və soyuq qış gecəsində Xankəndidəki 366-cı motoatıcı alayın hərbçilərinin köməyi ilə Xocalı qəsəbəsinə soxulan erməni quldurlarının vandalizm hərəkətləri, dinc və günahsız sakinlərin, ana və uşaqların qəddarcasına qətlə yetirildiyi, bu qanlı faciədən xilas olmağa çalışan əliyalın adamlara divan tutulduğu 1992-ci ilin 26 fevral gecəsi bəşər tarixində baş verən ən amansız soyqırımlardan biridir. Bu, erməni terroru və qaniçənliyinin növbəti nümunəsi, insanlığa qarşı törədilən dəhşətli və görünməmiş qətliamdır.
XalqTv.com  xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetində Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş tədbirdə çıxış edənlər deyib.
Tədbirdən əvvəl universitet tələbələrinin həmin hadisələri əks etdirən əl işlərindən ibarət rəsm sərgisinin nümayişi olub.
Universitetin akt zalında keçirilən anım mərasimində 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verən dəhşətli hadisələri əks etdirən videoçarx nümayiş etdirilib, soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli xalqımızın genetik yaddaşında həmin hadisələrin yüz illər, min illər bundan sonra da unudulmayacağını bildirib: “Əbəs yerə deyil ki, universitetimizin bütün tədris korpuslarının girişində “Qarabağı unutma!” şüarı vurulub. Bu faciə bizi torpaqlarımızın azad edilməsi uğrunda daha qətiyyət və mərdliklə mübarizə aparmağa sövq edir. İnanırıq ki, Azərbaycan Milli Ordusunun zəfər yürüşü nəticəsində Lələtəpədə dalğalanan bayrağımız Qarabağın digər bölgələrində də qaldırılacaq”.
Xocalı hadisələrinin şahidi, universitetin professoru Mübariz Allahverdiyev Xocalı soyqırımına gətirib çıxaran hadisələrin xronologiyasını xatırladıb, yenidən həmin günləri vərəq-vərəq yada salıb. Professor soyqırımı gecəsi sakinlərin erməni vəhşiliyinə qarşı çox böyük dəyanət və dözüm nümayiş etdirdiyi, düşmən qarşısında sınmadığı barədə danışıb: “Onlar diri-diri ağaclara sarınıb yandırılanda da, dəriləri soyulanda da, alovların içində yananda da “Qarabağ bizimdir!” dedilər. Düşmən xalqımızda olan yurd və Vətən sevgisinin son nəfəsdə də onu tərk etmədiyini görüb sarsıldı. Doğma torpağa olan sevginin bundan bariz nümunəsi ola bilməzdi”.
Qafqaz Media İctimai Birliyinin sədri, Prezident təqaüdçüsü hacı Azadə Taleh Abbas qızı çıxışına Xocalı qurbanlarına həsr etdiyi şeirlə başlayıb. Həkim-şairə bu hadisələrin dünyada tanıdılması üçün görülən tədbirlərdən və bu sahədə aparılan təbliğat işlərindən danışıb.
Tədbir universitetin tələbələrinin hazırladığı Xocalı soyqırımına həsr olunan kompozisiya ilə yekunlaşıb. 


XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR