Mədəniyyət

"Aprel döyüşləri"nin şərəfinə abidə ucaldılsın? - Deputatlar: "Hələ tələsməyək"

  • 30 Mar 2019
  • 454 baxış

Ermənistan parlamentində 2016-cı ilin "Aprel müharibəsi" ilə bağlı təklif səsləndirilib. Erməni deputatlar işğalçı ölkədə "Aprel müharibəsi" günlərində qurbanların anılmasını istəyiblər.

Bu məsələnin erməni mətbuatında yayılmasından sonra Azərbaycanda da "Aprel müharibəsi"nin "Zəfər bayramı" kimi qeyd olunması haqqında fikirlər səsləndirildi. Hətta bunu əks etdirən abidənin ucaldılmasını irəli sürənlər də var.

Milli Məclisin deputatı Elman Məmmədov Modern.az-a bu barədə danışıb. O qeyd edib ki, "Aprel döyüşləri" tarixi hadisədir:

"O döyüşlərdə şəhid olanların xatirəsi bizim üçün əzizdir. Onların adları əbədiləşdirilir, bu proses "Aprel döyüşləri"ndən üç il keçməsinə rəğmən, davam etdirilir. Heç bir şəhidimiz kənarda qalmır, bu qələbə bütün Azərbaycan xalqının diqqət mərkəzindədir.

Lələtəpə yüksəkliyində, Tərtərdə Talış yüksəkliyində Azərbaycan bayrağı dalğalanır. Ordumuzun geri aldığı yüksəkliklərdə, ərazilərdə xatirə abidələrinin, xüsusi nişanların qoyulması vacibdir. Amma hamı, şəxsən mən özüm də gözləyirəm ki, qəti qələbə çalaq, bütün torpaqlarımızı işğaldan azad edək. Bu zaman hər bir azad olunan rayon və qəsəbələrimizdə qələbə abidəsi ucaldaq. "Aprel döyüşləri" də mühüm əhəmiyyət kəsb etdiyinə görə, abidə qoyulması təklifini dəstəkləyirəm. Dövlət rəhbərliyi də bu kimi məsələləri diqqətdə saxlayır".

Deputat Hikmət Babaoğlu isə bu məsələdə tələsməməyin tərəfdarıdır. O düşünür ki, Azərbaycanı qarşıda daha böyük qələbələr gözləyir:

""Aprel döyüşləri" müasir Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Bu, Azərbaycan xalqına milli qürur, qələbə dadı yaşadan hadisədir. Döyüşlərdən sonra Cocuq Mərcanlının bərpa olunması, insanların öz əzəli torpaqlarına qayıtması, həm maddi, həm də mənəvi mənada "Aprel döyüşləri"nə ucaldılan abidədir. Buna baxmayaraq, düşünürəm ki, tələsməyə ehtiyac yoxdur. Bizi daha böyük qələbələr gözləyir. Əminəm ki, Azərbaycan döyüşçüsü, Azərbaycan şəhidi, Azərbaycan əsgəri daha böyük abidələrə layiqdir. Ona görə, bir qədər təmkinli olub, səbr etsək, daha yüksək qələbələri görə biləcəyik.

Lakin insanlar hesab edirsə ki, "Aprel döyüşləri"nin şərəfinə qələbə abidəsi ucaldılmaldır, şübhəsiz, bu təklifi də dəstəkləyirəm".

Erməni parlamentarilərin təkliflərinə gəlincə, H. Babaoğlu onlara da tələsməməyi tövsiyə edib:

"Ermənilər də tələsməsinlər. Onlar çoxsaylı məğlubiyyətlərə uğrayacaqlar, hələ müharibə davam edir. Biz bütün torpaqlarımızı işğaldan azad edəndən sonra ermənilər özləri üçün anım günü qeyd edərlər".

Zəfər abidəsinin ucaldılması təklifi ilə razılaşmayan deputat Fazil Mustafa da hələlik bununla bağlı qərar verməyin tez olduğunu söyləyib:

"İndiki şərtlərdə müharibəni tamamlamamış, ayrıca zəfər abidəsi ucaltmağın məntiqi izahı yoxdur. Aprel döyüşləri böyük tarixi hadisədir, müharibədə dönüş anıdır. Amma dönüş nöqtəsinə görə deyil, nəticəyə əsaslanıb, abidə ucaldılar. Bu istiqamətdə konkret qələbəmiz yekunlaşandan sonra belə abidəni ucaltsaq, daha məntiqli, doğru olar".

F.Mustafanın sözlərinə görə, Ermənistanın bu cür addımları sadəcə ictimai rəyə hesablanan məqamlardır:

"Ona görə, "Aprel savaşı"nın Ermənistanda anım günü kimi qeyd edilməsinə onların öz ictimai rəyi baxımından yanaşmaq lazımıdr. Hesab edirəm ki, ucuz variantdan başqa bir şey deyil. Effektli olacaq addım kimi dəyərləndirmirəm".


XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR