Hadisə

Xırdalanda qənd istehsalı sexinin fəaliyyəti məhdudlaşdırılıb

  • 19 Aug 2019
  • 363 baxış

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması istiqamətində mütəmadi olaraq monitorinqlər davam etdirir.

Həyata keçirilən növbəti monitorinqlər zamanı AQTA əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, R.Behbudov küçəsi, Yoncalı yaşayış massivi ünvanında fəaliyyət göstərən fiziki şəxs Ağayev Rüfət Seyfəddin oğluna məxsus “Qidam” əmtəə nişanlı qənd istehsalı sexinə baxış keçirilib.

İlkin baxış zamanı müəssisədə texniki reqlamentlərin və  qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların, sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi aşkarlanıb.

Müəssisənin  istehsal və anbar sahələrinə baxış zamanı istifadə olunan avadanlıqların  paslandığı və kifləndiyi aşkar olunub. Həmçinin sexdə qablaşdırma sahəsi ilə eyni yerdə yerləşən anbarda qəndin çirklənməsinin qarşısınının alınması məqsədi ilə hər hansı tədbir görülmədiyi müəyyən edilib.

Müəssisənin yararsız vəziyyətdə olan döşəməsində su yığıldığı və bunun da patogen mikroorqanizmlərin inkişafına  və bioloji çirklənməyə yol açdığı müşahidə olunub. Eyni zamanda məlum edilib ki, texnoloji prosesin sonunda doğranmış qənd ələkdən keçirilərək antisanitar vəziyyətdə olan plastik yeşiklərə qoyulur.

Aşkar olunan nöqsanlar əsasında qanunvericiliyin tələbləri çərçivəsində standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına və satılmasına görə müəssisənin rəhbəri barəsində inzibati protokol tərtib edilib, qənd istehsalı sexinin fəaliyyəti məhdudlaşdırılıb.

Aygün Məmmədova

Xalq TV

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR