Xəbərlər

Bakıda nümunəvi ictimai çimərlik istifadəyə verilib

  • 16 Jun 2020
  • 261 baxış

Bakıda nümunəvi ictimai çimərlik istifadəyə verilib


Bakıda nümunəvi ictimai çimərlik istifadəyə verilib



İyunun 16-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Şıx ərazisində yaradılmış nümunəvi ictimai çimərlik vətəndaşların istifadəsinə verilib. Təxminən 5 hektar sahəsi olan nəhəng ödənişsiz çimərliyin açılışı Bakıda çimərlik mövsümünün açılışına təsadüf edib.

XalqTv.com  "Report"a istinadla xəbər verir ki, ötən il yaradılmış bu ictimai çimərlikdə daha geniş abadlıq işləri aparılıb, Fövqəladə Hallar Nazirliyinin xilasetmə məntəqəsi yaradılıb, sərinləşdirici içkilər və müxtəlif qida məhsulları təklif edən köşklər, tələbata uyğun miqdarda kölgəliklər, soyunub-geyinmə və duş kabinələri, sanitar qovşaqlar, söhbətgahlar quraşdırılıb, futbol və voleybol meydançaları, avtomobil dayanacağı yaradılıb, dəniz kənarına uzanan yola asfalt çəkilib. Vətəndaşların istirahətinin təşkili üçün çimərlik ərazilərinə kifayət qədər oturacaq və şezlonqlar, ərazi boyunca zibil konteynerləri yerləşdirilib.

Çimərlikdə karantin dövrünün tələblərinə uyğun olaraq tibbi-profilaktiki tədbirlər həyata keçirilib, insanların lazımi məsafə saxlaması üçün ərazi boyu baryerlər çəkilib, dezinfeksiya dispenserləri qoyulub, karantin və təhlükəsizlik qaydalarına, eləcə də təmizliyə riayət olunması ilə bağlı xəbərdarlıq edən maarifləndirici lövhələr quraşdırılıb.

Yenilənmiş ictimai çimərliyin açılışı zamanı xüsusi karantin rejiminin qaydalarına riayət etməklə 10 nəfər IDEA könüllüsünün iştirakı ilə kiçik təmizlik aksiyası keçirilib və ərazi tullantılardan təmizlənib.

Qeyd olunmalıdır ki, IDEA İctimai Birliyi tərəfindən yaradılan ictimai çimərliklərə giriş və digər xidmətlərdən istifadə tamamilə ödənişsizdir. Sözügedən çimərliklərin yaradılmasının məqsədi baxımsız sahilyanı ərazilərin tullantılardan təmizlənməsi və abadlaşdırılması, insanların rahat istirahət etməsi üçün lazımi şəraitin yaradılması, ictimai sağlamlıq və gigiyenanın yaxşılaşdırılması, eləcə də ekoloji və sosial məsuliyyətin təşviq edilməsindən ibarətdir.

IDEA İctimai Birliyi yerli və beynəlxalq tərəfdaşlarla birgə Azərbaycan və regionun su bioresurslarının mühafizəsi və bərpasına yönəlmiş genişmiqyaslı layihələr həyata keçirir, Xəzər sahillərində, Kür və digər çaylarda mütəmadi kütləvi təmizlik aksiyaları təşkil edir.

IDEA İctimai Birliyi hər kəsi karantin rejiminin tələblərinə ciddi riayət etməyə, sanitariya normaları və gigiyena qaydalarına əməl etməyə, təbiətin bəxş etdiyi gözəlliklərdən və yaradılan şəraitdən hər zaman zövq ala bilmək üçün sahillərin təmizliyinə diqqət etməyə, ətrafını çirkləndirməməyə və özlərindən sonra tullantı qalmadığına əmin olmağa çağırır.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR