Xəbərlər

Azərbaycan bayrağı artıq Murovda dalğalanır

  • 07 Oct 2020
  • 89684788 baxış

Qüdrətli Azərbaycan Ordusunun sentyabrın 27-də Ermənistanın təxribatına layiqli cavab verməsi, mülki əhaliyə yönəlmiş təcavüzkarlığına qarşı bütün cəbhəboyu əks-hücuma keçməsi tariximizin ən şanlı səhifələrinin yazıldığı günlərə çevrildi. Çox keçmədən işğal altında olan torpaqlarımızın azad edilməsi, Cəbrayıl şəhərinin, eyni zamanda kəndlərimizin bir-bir düşməndən təmizlənməsi, üçrəngli bayrağımızın strateji yüksəkliklərə sancılması xalqımıza əsl bayram sevinci bəxş etdi.

Murov zirvəsində dalğalanan müqəddəs bayrağımız tezliklə bütün Qarabağın qalib əsgərlərimiz tərəfindən azad olunacağına olan inamını qəlbimizdə möhkəmləndirdi, kəlbəcərlilərin, laçınlıların, şuşalıların, ağdamlıların, ümumiyyətlə, bütün məcburi köçkünlərin öz yurdlarına dönmək arzusunun tezliklə həyata keçiriləcəyinin müjdəsini verdi.

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordumuzun həyata keçirdiyi uğurlu əməliyyatlar bütün Azərbaycan əhalisində, dünyadakı soydaşlarımızda ruh yüksəkliyinə səbəb oldu. Hər bir Azərbaycan vətəndaşı qəti surətdə əmindir ki, qələbə sevinci uzaqda deyil, Prezident-xalq birliyi, ordumuzun şücaəti zəfər günlərinin yaxında olduğuna dəlalət edir.

Bütün beynəlxalq tribunalardan Azərbaycanın haqq səsini dünyaya çatdıran, əsl həqiqətləri faktlarla sübut edən Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasəti nəticəsində bu gün artıq xeyli vətən torpağımız yağı tapdağından azad edilib. Bu istiqamətdə uğurlu işlər həyata keçirilir, addım-addım hər qarış torpağımız geri qaytarılır.

Bu gün xalqımız əmindir ki, Azərbaycan vətən savaşında qalib gələcək, çünki bu, bizim haqq işimizdir. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşü zamanı vurğuladı ki, biz öz torpaqlarımızı azad edirik: "Mən bir daha demək istəyirəm ki, Azərbaycan öz doğma torpağında vuruşur və siz haqq yolunda yaralanmısınız. Bizim əsgərlərimiz xilaskar əsgərlərdir. Erməni əsgərləri işğalçı əsgərlərdir. Fərq bundadır. Biz öz torpağımızda vuruşuruq, erməni əsgəri başqa dövlətin torpağında - Azərbaycan torpağında ölür".

Prezidentin sərəncamı ilə Azərbaycan Respublikasında hərbi vəziyyət və qismən səfərbərlik elan edilib. Qismən səfərbərliyə cəlb edilmiş Azərbaycan vətəndaşları ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək üçün böyük ruh yüksəkliyi ilə xidmətə yollanırlar.

Eyni zamanda haqqın, ədalətin bərpa olunduğu bu tarixi günlərdə hər kəs ordumuza kömək etmək istəyir, əlindən gələn yardımı göstərir, on minlərlə könüllümüz vətən torpaqlarının azadlığı uğrunda döyüşçülərimizlə çiyin-çiyinə vuruşmaq üçün müraciət edirlər. "Biz zəfər çalacağıq!", "Qələbə bizimdir!" şüarları dillərindən düşməyən 10 milyonluq Azərbaycan xalqı 30 illik Qarabağ həsrətinin sonlanacağı günü səbirsizliklə gözləyir. Qəhrəman oğullarımız işğal olunan torpaqlarımızın hər qarışı uğrunda çarpışaraq düşməni məhv edir, hərbi texnikasının külünü göyə sovurur, arxa cəbhədə ard-arda qələbə sevinci yaşamağımıza səbəb olurlar.

Artıq düşmən güclü Azərbaycan Ordusu qarşısında tab gətirməyərək mövqelərini qoyub qaçır, təşvişə düşərək döyüşməkdən boyun qaçırır.

İllərdir yurd-yuvasından didərgin düşərək vətən həsrəti ilə qovrulan qaçqın və məcburi köçkün yurddaşlarımızın həsrətinin bitdiyi müqəddəs günləri yaşayırıq.

Bu tarixi zəfərlər isə hələ başlanğıcını aprel döyüşlərindən, Lələtəpə, Günnüt qələbəsindən götürmüşdü. Ermənistanın 12 iyulda Tovuza qarşı həyata keçirdiyi təxribat zamanı isə layiqli cavab alaraq yerinə otuzdurulan düşmən bir daha şanlı Azərbaycan Ordusunun nələrə qadir olduğunun şahidinə çevrildi. Amma təcavüzkar Ermənistan xislətindəki terrorçu xüsusiyyətindən əl çəkməyərək və beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq təxribatlarını daha da genişləndirir və onun hədəfi yenə də mülki əhalidir.

Biz hər zaman sülh tərəfdarı olmuşuq, amma doğma torpağımızın hər qarışı uğrunda çarpışmağı, canımızdan belə keçməyi bacarırıq. Bu gün Silahlı Qüvvələrimiz dünyanın ən güclüləri sırasındadır və istər döyüş qabiliyyətinin yüksək olması, istərsə də şəxsi heyətdən tutmuş maddi-texniki təminata qədər əldə etdiyi nailiyyətlər ilə dünya liderləri arasında yer almağı bacarıb. Qısa zamanda düşmən üzərində sarsıdıcı zərbə ilə qələbə qazanılması da elə buna bariz nümunədir.

İlham Əliyevin "Qarabağ Azərbaycandır!" nidasına səs verən gənclər də hər sahədə xalqımızın bu haqq davasına dəstək göstərir. İstər ön cəbhədə, istər arxa, istərsə də beynəlxalq səviyyədə və informasiya sahəsində.

Əminik ki, bu gün Cəbrayılda qürurla dalğalanan üçrəngli bayrağımız tezliklə Kəlbəcərdə, Şuşada, Ağdamda, Xankəndidə, Laçında, Qubadlıda, Zəngilanda və işğal altında olan hər qarış torpağımızda bizlərə qələbə sevinci yaşadacaq.

İndi bütün dünyaya da əyandır ki, Qarabağ Azərbaycandır!









XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR