Xəbərlər

Ermənilərin həyətinə mərmi atdığı Füzuli sakini: Məni dinləyən yoxdur

  • 03 Feb 2021
  • 290 baxış

XalqTV.com xəbər verir ki, ötən ilin sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin mərmi və raket atəşinə tutulması nəticəsində Füzuli rayonunun Mollaməhərrəmli kəndində də mülki əhaliyə, evlərə, mənzillərə ziyan dəyib.

Dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə müxtəlif dövlət qurumlarının əməkdaşları və mütəxəssislərdən ibarət işçi qrup tərəfindən evlərə, təsərrüfatlara baxış keçirilən zamanı mənzilinə ciddi ziyan dəymiş Mollaməhərrəmli kənd sakini olan II qrup əlil Sevinc Valeh qızı Məmmədova xəstəliyi ilə bağlı Bakıda müalicədə olub. Bu səbəbdən də onun evi qeydiyyata alınmayıb. 

 Milli.Az-a müraciət edən Mollaməhərrəmli kənd sakini Sevinc Məmmədova bildirib ki, düşmən təxribatları zamanı mənzilinə dəymiş ziyanın aradan qaldırılması üçün aidiyyəti qurumlara dəfələrlə müraciət etsə də onun müraciətinə hələ də baxan yoxdur: "Bu vaxta kimi düşmənin bir addımlığında yaşasaq da, qorxub, çəkinməmişik. Ermənilər müharibəyə kimi də nə qədər təxribatlar törətsələr də evimizi heç vaxt tərk etməmişik. Müharibə başlayandan sonra düşmənin atdığı mərminin həyətimə düşməyi nəticəsində həyətimdə yerləşən hamam bərbad vəziyyətə düşü. İkimərtəbəli yaşayış evimə ciddi ziyan dəyib, evin divarları çat verərək yaşayış üçün təhlükəli hal alıb, pəncərələr qırılıb. Həyət təsərrüfatım yararsız vəziyyətə düşüb, ev quşlarım tələf olub".

Sevinc Məmmədovanın sözünə görə, Füzuli Rayon İcra Hakimiyyəti başçısının nümayəndəsi müraciətinə "bizlik deyil" ifadəsi ilə reaksiya verib.

Sevinc Məmmədova Fövqəladə Hallar Nazirliyinə də bu vaxta kimi azı 5 dəfə müraciət ünvanlamasına baxmayaraq nazirlikdən onun müraciətinə baxılmamağından narazıdır. 

Milli.Az Mollaməhərrəmli kənd icra nümayəndəsi Zöhrab Quliyevlə əlaqə saxlayıb.

O, evə ziyan dəydiyini təsdiqləyib: "Amma komissiya həmin ünvana yollananda Sevinc Məmmədova evində olmadığı üçün onun mənzilinə baxış keçirilmədi. O gələndən sonra müraciət etdi. Dedi ki, Fövqəladə Hallar Nazirliyinin nümayəndələri gələcək, baxılacaq. Onun evinə baxış keçirmək bizlik deyil. Bu, FHN-ə tapşırılıb. Onlar da gəlib baxıb, gedib. Onlar gələndə ev sahibəsi evində olmayıb". 

Zöhrab Quliyev kənd sakini Sevinc Məmmədovanın onlara müraciət etdiyini, onlar da qeydiyyata aldıqlarını deyib:

"Bizim səlahiyyətimizdə deyil ki, gedək evə baxaq, nəsə bir qərar qəbul edək. Sevinc Məmmədova dəymiş ziyana görə bizə müraciət etdikdən sonra biz də Füzuli Rayon İcra Hakimiyyətinə müraciət etmişik. İcra Hakimiyyətinə də demişəm ki, bizdə də evinə, təsərrüfatına baxış keçirilməyən tək onun evi deyil, bir neçə ailələr o vaxtı burada olmayıb. Ona görə də onların evinə baxış keçirilməyib. İcra Hakimiyyətindən dedilər ki, "Hələ növbədir. Onları siyahıda saxlayın"". 

Xatırladaq ki, Prezident İlham Əliyev keçən ilin 6 noyabr tarixində "2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb. 


RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR