Advokatın təyinatı açıqlanır
Hollandiya Futbol Federasiyası çərşənbə günü milli komandanın baş məşqçi vəzifəsinə Dik Advokatı gətirdiyini rəsmən açıqlayacaq.
XalqTV.com qol.az-a istinadən xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti məlumat yayıb. Bildirilib ki, bununla bağlı keçiriləcək mətbuat konfransında Advokat "Fənərbaxça"dakı işi səbəbindən iştirak etməyəcək.
"Algemeen Dagblad" qəzetinin xəbərinə görə isə 69 yaşlı mütəxəssislə ilkin mərhələdə 2017-ci ilin noyabrına qədər müqavilə imzalanacaq. Əgər komanda DÇ-2018-in final mərhələsinə vəsiqə qazansa, onunla müqavilənin müddəti artırılacaq. Əks təqdirdə, Advokatla yollar ayrılacaq.
Hollandiyalı çalışdırıcının köməkçisi gözlənildiyi kimi Ruud Qullit olacaq. Onların bu ayın sonu millinin bazasında mətbuat konfransı keçirəcəyi gözlənilir.
Qeyd edək ki, komandanın 3 kapitanı Uesli Sneyder, Aryen Robben, Kevin Strootmanın Advokatı millidə görmək istəmədikləri iddia edilir.
XalqTV.com








