Xəbərlər

Elvin Şükürlü: Kəlbəcər istiqamətində şəhid olan leytenant

  • 19 May 2021
  • 1722 baxış

"Yastığım vətən daşı, yorğanımız qar olsun. Biz bu yoldan dönər olsaq, namus bizə ar olsun". Bəli, 44 günlük vətən müharibəsində onların hər birinin yastığı vətən daşı oldu. Qalib ölkənin qalib vətəndaşı olmağı onlar bizə ərmağan etdi. Bu döyüşün bəziləri bəhrəsini görüb, qalib ölkənin qalib hərbçisi oldusa, bəziləri isə qalib ölkənin 3 rəngli bayrağına bükülmüş şəhadətə ucalan balası oldu. Bu qəhrəmanlardan biri də Elvin Şükürlü idi. Vətənin bütövlüyünü canından üstün tutan şəhidimiz Kəlbəcər uğrunda gedən döyüşlərdə şəhid olub.

"Sizə həyatımdan danışım... 14 yaşım olanda 2 yol arasında qaldım. 1-ci yol gözəl həyat, rahatlıq və sərbəstlik. 2-ci yol isə ailədən uzaq hərbçi həyatı, zabit olmaq. Şərəfli peşə sahibi olmaq və Vətəni qorumaq. Mən ən alisini seçdim - Vətənimi..."

XalqTv.com xezerxeber.az-a istinadən bildirir ki, bu sözlər həyatının ən gözəl çağında - 23 yaşında vətənin bütövlüyünü canından uca tutaraq onun yolunda şəhadətə ucalan  Elvin Şükürlüyə aidddir.

Elvin yeniyetməliyindən hərbçi olmağı qarşısına məqsəd qoyub. Əvvəlcə, Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, daha sonra isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbdə təhsil alıb. Bundan sonra onun ailədən uzaq hərbçi həyatı başlayıb. Elvin müharibədə motoatıcı  tağımın komandiri kimi ən ön xəttə xidmət aparıb. Komandası ilə birlikdə əhəmiyyətli yüksəklikləri alıb.

Özü kimi 2 oğlu da hərbçi  olan Azad müəllim deyir ki, Elvin onun bacara bilmədiyini bacardı.

Vəfa ana isə qoxusuna doya bilmədiyi balası üçün darıxıb göz yaşı tökür. Deyir, balam Vətəni bizdən uca tutdu.

Şükürlü ailəsi Vətən müharibəsinə iki övlad göndərib. Elnur da döyüşlərdə qəhrəmancasına iştirak edib. Qardaşı Elvin ilə də tez-tez telefonla danışırmış. Ancaq sonradan onun şəhid xəbərini alıb.

Elvin Kəlbəcər istiqamətində döyüşlərdə şəhadətə ucalıb. Ölümündən sonra "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına" görə medalları ilə təltif edilib.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR