Siyasət

Qarabağ dünyanın ən müasir texnologiya mərkəzinə çevriləcək

  • 20 May 2021
  • 1790 baxış

"Ağıllı kənd" və "Ağıllı şəhər" layihələri dünyanın müxtəlif ölkələrində reallaşdırılır və məqsədi sakinlərin həyatını yüngülləşdirmək və yaşayış səviyyəsini yüksəltmək məqsədi güdür.

XalqTv.com xəbər verir ki Azərbaycanda "ağıllı şəhər" konsepsiyası Prezident İlham Əliyevin sərəncamı ilə imzalanmış "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı"nda da öz əksini tapıb. "Ağıllı şəhər" elm və texnika, informasiya texnologiyalarının yüksək inkişaf etdiyi mühitdə formalaşır, cəmiyyətin, insanların həyat tərzinin fərqli yön aldığı şəhərlər sayılır. "Ağıllı şəhər"in fəaliyyəti smart cihazlardan əldə edilən məlumatlar üzərində qurulur. Bu cihazlar telefonlar, ya da avtomobillərdə olan sensorlar ola bilər. Smart cihazlar vasitəsilə kifayət qədər məlumat əldə edildikdə isə məsul şəxslər şəhərin ehtiyaclarını müəyyən edə və lazımlı infrastruktur işlərinə start verə bilərlər.

Dövlət başçısının azad edilmiş ərazilərdə qurulacaq şəhər və kəndlərin "smart-city", "smart-village", yəni "ağıllı şəhər", "ağıllı kənd" konsepsiyası əsasında tikilməli olduğu ilə bağlı verdiyi tapşırıqların icrası istiqamətində müəyyən işlərə artıq start verilib. Burada hədəf erməni vandalizminin qurbanına çevrilən, düşmənin daşı daş üstə qoymadığı, tarixi, mədəni irsimizi, infrastrukturu məhv etdiyi ərazilərdə çağdaş texnologiyalardan istifadə etməklə şəhər və ya kəndin idarəçiliyində ən yüksək səmərəyə nail olmaqdır. Və bu, reallaşacağı təqdirdə həmin konsepsiyanın inkişaf etdirildiyi ərazilərin "ağıllı kənd" anlamından çıxaraq qısa müddət ərzində möhtəşəm biznes mərkəzinə çevriləcəyi də istisna edilmir. Çünki "Ağıllı şəhər"in fəaliyyəti smart cihazlardan əldə edilən məlumatlar üzərində qurulur. Bu cihazlar telefonlar, ya da avtomobillərdə olan sensorlar ola bilər ki, smart cihazlar vasitəsilə kifayət qədər məlumat əldə edildikdə isə məsul şəxslər şəhərin ehtiyaclarını müəyyən edə və lazımlı infrastruktur işlərinə start verə bilərlər. Bu isə istənilən çətinliyin, problemin daha sürətli şəkildə aradan qaldırılmasında böyük əhəmiyyət kəsb edəcək.

Bu çağdaş texnologiyalardan, o cümlədən informasiya və kommunikasiya texnologiyasından nə qədər səmərəli istifadə etmiş olsaq, bir o qədər inkişaf və tərəqqi yolunda irəliləmiş olarıq. Bunu nəzərə alan Prezident İlham Əliyev  30 il əvvəl doğma yurd-yuvalarından didərgin düşən həmyerlilərimizin azad edilən ərazilərimizə qayıtmasını daha sürətləndirmək və rahat yaşayışlarını təmin etmək məqsədilə gələcəyə hesablanmış belə bir önəmli qərar verdi.

Ümumiyyətlə bütün dünyada "ağıllı kənd" layihəsinin müəyyən məqsədləri var. Bunlardan biri insanların kənd yerlərindən şəhər yerlərinə axının qarşısını almaqdır. Yəni kənd yerlərində insanlara elə şərait yaradılsın ki, onların şəhərdə əldə edə biləcəyi bütün xidmətlərə kəndlərdə də çıxışı olsun. İkinci məqsədi isə insanlara kənddə pul qazanmaq imkanının yaradılmasıdır. Növbəti, yəni üçüncü məsələ isə odur ki, hər bir ölkə vətəndaşının olduğu kimi, kənd sakinlərinin də dövlət xidmətlərinə çıxışı olmalıdır. Bütün bunları nəzərə aldıqda Vətən müharibəsi nəticəsində azad edilmiş torpaqlarda əhalinin qayıdışını və rahat yaşayışını təmin etmək üçün salınan və müasir texnoloji tələbləri özündə ehtiva edən SMART (ağıllı) kənd layihəsinin məramının və komponentlərini anlamaq çətin deyil. 

"Ağıllı şəhər" və "Ağıllı kənd" anlayışı total və geniş bir anlayışdır. Müasir dünyamızda artıq elə bir səviyyəyə gəlib çatmışıq ki, əşyalar belə internetə qoşulub öz aralarında əlaqə qura, bir-birinə məlumat ötürüb, əmrləri icra edə bilirlər. Və bu, hər istifadəçi tərəfindən məsafədən idarə olunan bir vasitəyə çevrilir. Məhz "Ağıllı şəhər"lər də, "Ağıllı kənd"lər də bu konsepsiyaya əsaslanır. Bu isə o deməkdir ki, biz yaxın gələcəkdə Qarabağda sürətli və müasir texnologiyalara əsaslanan, ermənilərin belə həsəd aparacağı məntəqələrin şahidi olacağıq. Azərbaycanda da bu konsepsiyanın Cənub-Şərqi Asiya Ölkələrində, İsraildə, ABŞ, Kanada, Avstraliyada da olduğu kimi ciddi uğur qazanacağı gözlənilir. 

Çünki Prezident İlham Əliyev yeni Nəqliyyat Rabitə Yüksək Texnologiyalar nazirini qəbul edərkən "Qurulacaq şəhərlər və kəndlər "smart-city", "smart-village" konsepsiyası əsasında qurulmalıdır. İndidən bu işləri planlaşdırın. Şəhərsalma layihələri icra edilərkən mütləq dünyanın ən qabaqcıl texnologiyaları orada tətbiq olunsun" deyərək azad edilmiş ərazilərdə bu konsepsiyanının tətbiq olunmasını tapşırmaqla, Qarabağın dünyanın ən müasir texnologiyalarının cəmləşdiyi bir mərkəzə çevrilməsi istiqamətində ilk addımı atdı.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR