İqtisadiyyat

Avropanın "Cənub Qaz Dəhlizi"nin genişləndirilməsinə böyük ehtiyacı var

Xalq Tv Vətənpərvər Verlişi
Xalq Tv Vətənpərvər Verlişi
  • 08 Oct 2021
  • 1872 baxış

Avropada təbii qaz qiymətləri sentyabrın əvvəlindən üç dəfədən çox, 2021-ci ilin əvvəlindən isə doqquz dəfə artıb.

Rekord həddə yüksək qiymətlər iqtisadiyyatın bərpası və hava şəraiti ilə bağlı artan tələbatla, mayeləşdirilmiş təbii qaz uğrunda Asiya ilə rəqabətlə və Avropanın qaz tədarükünün üçdə bir hissəsini təmin edən "Qazprom" tərəfindən təklifin məhdudlaşdırılması ilə əlaqədardır. Hazırda Avropada müşahidə olunan qaz böhranı marşrutların və tədarük mənbələrinin şaxələndirilməsinin vacibliyini bir daha göstərir. İndiki şəraitdə nəhəng "Şahdəniz" yatağından qazın nəql olunduğu "Cənub Qaz Dəhlizi"nin genişləndirilməsi daha da aktuallaşır.

XalqTv.com xəbər verir ki, Niderlandın VEROCY konslatinq şirkətinin rəhbəri, siyasi risklər və energetika məsələləri üzrə ekspert Siril Viddershoven Trend-ə bildirib ki, "Cənub Qaz Dəhlizi"nin genişləndirilməsi alqışlanan addımdır, çünki Avropanın tədarükün artırılmasında ehtiyacı var:

"Hətta Əlcəzair və Norveçdən boru kəməri qazının əlavə tədarükü, ya da Misirdən mayeləşdirilmiş təbii qaz idxalı da tələbatı tam qarşılamır. "Cənub Qaz Dəhlizi"nin əsas töhfəsi Avropaya ümumi qaz tədarükünün şaxələndirilməsidir ki, bu da Avropa İttifaqının enerji təchizatı təhlükəsizliyinin təmin olunması strategiyasına uyğundur. "Cənub Qaz Dəhlizi" bu məsələdə vacib rol oynaya bilər və oynamalıdır. Diqqəti "Cənub Qaz Dəhlizi" ilə tədarükün artırılmasına yönəltmək lazımdır. Belə ki, Yaşıl enerji sazişi və ya Aİ-nin istənilən enerji strategiyası çərçivəsində atılan addımlardan asılı olmayaraq yaxın onilliklər ərzində təbii qaz təkcə Aİ-nin enerji təhlükəsizliyində deyil, həm də sənayedə xammal kimi vacib rol oynayacaq. Təbii qaz tədarükü yalnız istilik və ya elektrik enerjisi istehsalı üçün deyil, eləcə də gübrə, kimyəvi maddə və plastik kütlə istehsalı kimi sahələr üçün nəzərdə tutulub".

Fransanın Beynəlxalq və Strateji Münasibətlər İnstitutunun baş elmi işçisi Fransis Perren öz növbəsində Trend-ə deyib ki, "Cənub Qaz Dəhlizi"nin genişləndirilməsi Avropa üçün maraqlı variantdır, amma vacib ilkin şərt mövcuddur: Avropa ölkələri təbii qazın Avropanın enerji balansında ortamüddətli və uzunmüddətli gələcəyi barəsində dəqiq mövqe nümayiş etdirməlidir:

"Avropa İttifaqında təbii qazın istehlakı ilə bağlı debatlar aparılır. Bəzi siyasətçilər bildirir ki, bu, qazıntı yanacağıdır və Aİ istehlakı azaltmalı, uzunmüddətli perspektivdə isə bu enerji mənbəyinin istifadəsini dayandırmalıdır. Digərləri vurğulayır ki, təbii qaz neftdən və kömürdən daha az karbon qazı buraxır və ona görə də Avropa təmiz enerjiyə keçid dövründə daha çox təbii qaz istehlak etməlidir. Aİ və üzv ölkələrinin debatlarının nəticələrindən asılı olmayaraq, təbii qaz bu gün vacib enerji mənbəyidir. Avropa tədarükün azalması və daha yüksək qiymətlərlə üzləşməkdədir. Qaz qiymətlərinin artımı 2020-ci ilin resessiyasından sonrakı güclü iqtisadi artımla, Avropada qışadək ehtiyatların doldurulmas zərurəti, Rusiyadan tədarükün azalması və mayeləşdirilmiş təbii qaz üçün Asiya bazarlarının cəlbediciliy ilə əlaqədardır".

F.Perren əlavə edib ki, bu vəziyyət Aİ-yə qaz tədarükünün şaxələndirilməsinin nə qədər vacib olduğunu göstərir:

"Bu şaxələndirməni qlobal miqyasda nəzərdən keçirmək lazımdır: tədarükçü ölkələrin, tədarükçü şirkətlərin, idxal marşrutlarının, eləcə də boru kəməri ilə nəql olunan qazın və tankerlələr daşınan mayeləşdirilmiş təbii qazın şaxələndirilməsi. Azərbaycan qazını Gürcüstan və Türkiyə vasitəsilə Avropaya nəqlinə imkan verən "Cənub Qaz Dəhlizi" bu qlobal yanaşmanın bir hissəsidir və Aİ-yə qaz tədarükünün təhlükəsizliyinə vacib töhfə verir".

İtaliyanın energetika, şəbəkələr və ətraf mühit sahələrində tənzimləyici qurumunun (ARERA) idarə heyətinin üzvü Stefano Salya bildirib ki, "Cənub Qaz Dəhlizi" vasitəsilə idxalın artırılması digər mənbələrdən alınan qazın tədarükündə yarana biləcək fasilələr zamanı Avropanın böhrandan çıxışını yüngülləşdirəcək. Onun sözlərinə görə, Avropadakı hazırkı qaz böhranı açıq göstərir ki, "Cənub Qaz Dəhlizi"nin Avropa hissəsi olan Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi düzgün seçim idi.

Azərbaycan qazının Avropaya tədarükü 2020-ci ilin sonunda "Cənub Qaz Dəhlizi"nin işə salınması ilə başlayıb. TAP vasitəsilə ildə səkkiz milyard kubmetr qaz İtaliyaya və hərəyə bir milyard kubmetr qaz Yunanıstan və Bolqarıstana nəql olunacaq. Bugünədək TAP üzrə qaz tədarükü beş milyard kubmetri ötüb. Boru kəmərinin buraxılış gücü ildə 20 milyard kubmetrədək artırıla bilər. TAP-ın buraxılış gücünün genişləndirilməsi barədə qərar hər iki ildən bir keçirilən bazar sınaqlarının nəticələrindən asılı olaraq qəbul edilir. Bu il iyulun 12-də TAP konsorsiumu bazar sınağı elan edib. Bu proses vasitəsilə tədarükçülər boru kəmərinin buraxılış gücünün ildə 20 milyard kubmetrədək artırılması ilə bağlı təkliflərini irəli sürə bilər.

Trans-Adriatik qaz kəmərinin ixrac coğrafiyası bir sıra interkonnektorlar hesabına genişləndirilə bilər:

Yunanıstan-Bolqarıstan interkonnektoreu (IGB)

IGB layihəsi Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutur. Boru kəmərinin buraxılış gücü ildə 3 milyard kubmetr təşkil edir və 5 milyard kubmetrədək çatdırıla bilər.

İon-Adriatik boru kəməri (IAP)

IAP qazın bir sıra Cənub-Şərqi Avropa ölkələrinə nəqli üçün TAP-a qoşula bilər.

516 kilometr uzunluğunda boru kəməri Albaniya, Monteneqro, Bosniya və Herseqovinadan keçəcək, son nöqtəsi isə Xorvatiya olacaq. IAP-ın buraxılış gücü ildə beş milyard kubmetr təşkil edəcək.

BRUA (Bolqarıstan - Rumıniya - Macarıstan - Avstriya)

BRUA Rumıniya-Bolqarıstan interkonnektoru ilə birgə "Cənub Qaz Dəhlizi", Mərkəzi Avropa və Balkanlar arasında vacib halqanı təşkil edir. Boru kəməri təbii qazın regional səviyyədə müxtəlif mənbələrdən, o cümlədən Xəzər regionundan nəql üçün yeni marşrut yaradacaq.

Serbiya-Bolqarıstan qaz kəməri (Nis-Dimitrovqrad)

Bu il Serbiya Bolqarıstana qaz kəmərinin tikintisinə başlayacaq. Bunun 2023-cü ildə istismara verilməsi gözlənilir. Bu interkonnektor sayəsində Serbiya "Cənub Qaz Dəhlizi" də daxil olmaqla digər potensial tədarükçülərə qoşula bilər.

Şimali Makedoniya-Yunanıstan interkonnektoru

Boru kəməri Salonikinin Nea Misimvriya rayonundan başlayıb Şimali Makedoniyanın Ştip şəhərinədək davam edəcək. Boru kəməri sərhəddə Evzoni yaşayış məntəqəsinin yaxınlığında qazpaylayıcı stansiyadan TAP birləşəcək.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR