SAĞLAMLIQ

Konyunktivitin növləri və profilaktikası

  • 09 Aug 2017
  • 326 baxış

Konyunktivit göz xəstəlikləri içərisində ən çox rast gəlinən patologiyalardan biridir, əmələgəlmə səbəbindən asılı olaraq mikrob, virus, xlamidiya və allergik formaları müşahidə olunur. Göz xəstəlikləri ilə əlaqədar tibbi yardım üçün müraciət edənlərin 30-40 faizi iltihabi xəstəlik olan konyunktivitdən əziyyət çəkir.

XalqTV.com  AZƏRTAC-a istinadən bildirir ki, konyunktivitlər barədə danışarkən Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkim-oftalmoloqu Gültəkin Məmmədova deyib: "Konyunktivitlərin bir çoxu yoluxucudur və bəzən hətta epidemiya xarakteri daşıyır. Xəstələrin şikayətləri əsasən gözlərdə qamaşma, ifrazat, yaş axma, qapaqlar altında yad cisim hissiyyatı, gözün qızarması, kirpiklərin səhərlər yapışması ilə əlaqədar olur. Yerli simptomlar çox vaxt ümumi əlamətlərlə - yuxarı tənəffüs yollarının katarı, hərarətin yüksəlməsi, başağrısı, qulaqönü və ya çənəaltı limfa düyünlərinin böyüməsi ilə müşayiət olunur."

Konyunktivitlərin növləri barədə məlumat verən həkim-oftalmoloq bunları söyləyib: "Kəskin infeksion konyunktivit əvvəlcə bir, sonra digər gözdə başlayır. Anamnezdə gözə toz düşmə, soyuqlama və ya istivurma, orqanizmin zəifləməsi, burun-udlaq xəstəlikləri və ya qripoz vəziyyət müəyyən olunur. Kəskin infeksion konyunktivit bakteriya və viruslar tərəfindən törədilir.

Bakterial konyunktivit əsasən uşaqlarda müşahidə olunur və bəzi xüsusiyyətlərə malikdir. Qapaqların ödemi, konyunktivada nöqtəvari qansızmalar, çox miqdarda irinli ifrazat baş verir, bu səbəbdən kirpiklər bir-birinə yapışır. Uşaq kollektivlərində xəstəlik epidemik xarakter daşıya bilər.

Kəskin konyunktivitin profilaktikası şəxsi gigiyena qaydalarına riayət etməkdən ibarətdir. Xəstə uşaqlar məktəb və ya məktəbəqədərki uşaq müəssisələrinə buraxılmamalıdır. İrinli ifrazat kəsilənədək hər gün dəsmal və ya yataq ağı dəyişdirilməlidir.

Epidemik xarakter daşıyan virus konyunktivitləri adətən bütün ailə üzvlərinin yoluxmasına səbəb olur. Xəstəlik əşya, paltar və çirkli əllərdən yoluxa bilər. Dəqiq və düzgün müalicə aparılmayanda virus konyunktiviti ağır fəsadlı xəstəlik kimi çox təhlükəlidir. Ona görə də gigiyenik qaydalara dəqiq və düzgün əməl edilməli, körpə uşaqlar və hamilə qadınlar həmin mühitdən uzaqlaşdırılmalıdır. Xəstəliyə isti havalı günlərdə daha çox rast gəlinir və onun yayılmasında milçəklər böyük rol oynayır. Əvvəlcə bir, iki-üç gün sonra digər gözdə də müşahidə olunur. Gözdə qızartı, yad cisim hissiyyatı, işığa qarşı həssaslıq kimi əlamətlərlə özünü göstərir.

Allergik konyunktivit gözün selikli qişasının allergenlərin təsiri ilə yaranan iltihabıdır, allergik reaksiya və ya gözün kimyəvi maddələrlə qıcıqlanması nəticəsində əmələ gəlir. Allergik konyunktivitlər hər hansı allergenin-toz, heyvan tükü və bitki tozcuqların təsiri nəticəsində yaranır, çox zaman allergik zökəm, atopik dermatit, allergik rinit və bronxial astma kimi xəstəliklərlə yanaşı rast gəlinir.

Allergik konyunktivitlər hazırda ətraf mühit və atmosferin çirklənməsi nəticəsində lak, boya, təmizləyici vasitələrin buxarlanması, həmçinin gözə çəkilən kosmetik vasitələr və ya şampun düşməsi nəticəsində yaranır. Onun bir neçə növü məlumdur: autoimmun, pollinoz, bahar, vərəm-allergik və s. Allergik konyunktivitin bir növü olan dərman konyunktiviti antibiotiklərin, sulfanilamidlərin, anestetiklərin və digər yüksək allergik fəallığa malik preparatların uzun müddət istifadəsi nəticəsində yaranır."

Həkim-oftalmoloq daha sonra əlavə edib: "Bahar konyunktiviti də allergik konyunktivitlərə aid edilir və nəzərəçarpan fəsli xüsusiyyətə malikdir. Erkən yaşdan başlayaraq yazda və payızda rast gəlinir. Xəstəliyin əsasında ultrabənövşəyi şüalara qarşı artmış həssaslıq durur. Xəstəlik gözlərin qamaşması, qaşınma, gözdə yad cisim hissiyyatı ilə müşayiət olunur.

Vərəm-allergik konyunktiviti endogen toksiki-allergik iltihabi proseslərə aiddir. Xəstəlik vərəmə yoluxanlarda spesifik iltihab ocaqlarındakı tuberkulin adlı allergenin göz toxumalarına keçməsi yolu ilə baş verir. Hazırda allergik konyunktivitin həmin növünə az rast gəlinir.

Allergik konyunktivitin ümumi əlamətləri gözün qapaqlarında ödem, qapaqların selikli qişasında və gözün limb nahiyəsində hiperemiya və s.-dən ibarətdir. Xəstələr adətən gözün sulanması, işığa qarşı həssaslıq, qaşınma, tikan batması və yaxud yad cisim hissiyyatı kimi şikayətlərlə müraciət edir.

Allergik konyunktivitlərin müalicəsi antihistamin preparatların təyini və onu yaradan səbəblərin aradan qaldırılmasından ibarətdir. İnfeksion konyunktivitlər isə antibakterial preparatlarla müalicə olunur. Xəstələrin həkimə daha tez müraciət etmələri və profilaktik məqsədlə yaz-yay aylarında günəş eynəklərindən istifadə etmələri məsləhətdir".

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45881 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 765 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 742 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO