Dünya

"Azərbaycan prezidenti İrana getməməklə doğru qərar verdi" - Politoloq

  • 09 Aug 2017
  • 241 baxış

"Erməni saytları öz düşüncələrində İranla Azərbaycan arasındakı münasibətləri gərginləşdirmək məqsədilə bu mövzunu ortaya atıblar: "Ermənistan prezidenti İran prezidenti Həsən Ruhaninin andiçmə mərasimində iştirak etdiyi halda Azərbaycan prezidenti Tehrana getmədi". Yəni demək istəyirlər ki, guya Azərbaycan prezidenti iranlı həmkarını saymadı. Erməni tərəfinin əsas arqumenti də budur ki, ABŞ prezidenti Donald Tramp İrana qarşı siyasətini sərtləşdirdiyindən guya Bakı Ağ Evin sahibi ilə münasibətləri gərginləşdirməmək üçün İranla münasibətlərdə ehtiyatlı olacaq".

XalqTV.com xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.

Lakin politoloq hesab edir ki, Azərbaycan prezidenti İlham Əliyev İran prezidentinin andiçmə mərasiminə getməməklə doğru qərar verib: "Cəbhə bölgəsində indiki ağır vəziyyətdə Serj Sarkisyanla eyni sırada dayanmağın mənası yoxdur. Digər tərəfdən, Həsən Ruhani ayrılıqda həm Ermənistan prezidenti, həm də Azərbaycan prezidenti ilə görüşəcək və hər ikisi ilə Qarabağdan danışacaqdı. Azərbaycan prezidentinin buna ehtiyacı yoxdur. Onsuz da, Həsən Ruhani Qarabağla bağlı bütün məsələlərdən xəbərdardır. Ermənistan prezidentinin daima İran prezidentlərinə yaltaqlanmağa ehtiyacı var, ona görə hər dəvətdə Tehrana qaçır. İran-Azərbaycan münasibətlərində sual doğuran müəyyən məqamlar olsa da, bütün hallarda İranın bölgədə əsas ticarət tərəfdaşı Azərbaycandır, əsas layihələri Azərbaycanla reallaşdırır, Tehrana Astara-Rəşt dəmiryolunun tikitisi üçün pulu Ermənistan yox, məhz Azərbaycan verir və s. Ona görə də Ermənistan prezidenti istəyir ömrü boyu İran prezidentlərinin andiçmə mərasimlərində iştirak etsin, bu, bölgədəki reallıqları dəyişməyəcək".

İlkin İzzət
XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR