ABŞ-da gündəlik neft hasilatı tarixi rekord həddə yaxınlaşır
Son iki ayda ABŞ-da aktiv neft quyularının sayında, əsasən, sabitlik müşahidə olunsa da, gündəlik neft hasilatı artmağa davam edir.
XalqTV.com report.az-a istinadən bildirir ki, bunun səbəbi fəaliyyətdə olan neft quyularının məhsuldarlığının artması ilə izah olunur. Belə ki, son iki ayda ABŞ-da aktiv neft quyularının sayı 760 ədədə yaxın olub. İyun ayının 23-də 758 ədəd olan aktiv neft quyularının sayı avqustun 18-nə 763 ədəd təşkil edib. Lakin iyunun 23-də gündəlik neft hasilatı 9,250 mln. barel olduğu halda, avqustun 18-nə hasilat 278 min barel/gün və ya 3% artım göstərərək 9,528 mln. barel/günə çatıb. Bu isə son 25 ayın maksimal səviyyəsidir.
Qeyd edək ki, hasilatın tarixi rekord həddi 2015-ci il iyunun 5-də qeydə alınıb və 9,610 mln. barel/gün təşkil edib. Cari neft hasilatının tarixi rekord həddən 82 min barel/gün və ya 0,85% ayırır.
Bununla yanaşı, qeyd etmək lazımdır ki, aktiv neft quyularının sayının maksimal həddi isə 2014-cü il oktyabrın 10-da 1 609 ədəd olub. Hazırda aktiv neft quyularının sayı tarixi rekord həddən 846 ədəd və ya 52,6% aşağıdır. Bu da onu göstərir ki, aktiv neft quyularının sayı tarixi rekord həddən 2,1 dəfə az olsa da, gündəlik neft hasilatı demək olar ki, tarixi rekord həddə çatıb. Yəni məhsuldarlıq ən azı 2 dəfə artım göstərib.
XalqTV.com