Yığmamız dünya boksunun 6 nəhəngi sırasında
Almaniyanın Hamburq şəhərində keçirilən boks üzrə dünya çempionatının 1/4 final mərhələsinin başa çatması ilə medal qazanacaq ölkələrin adlarına aydınlıq gəlib.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, yarımfinala yüksəlməklə, medallardan birini təmin edən idmançılar 20 ölkənin təmsilçiləridir.
Bu "20-lik"də Azərbaycan da yer alıb. Mundiala cəmi 4 idmançı ilə qatılan millimiz medal baxımından 50 faizlik nəticə göstərib. Yəni rinqə çıxan 4 nəfərdən ikisi - Kamran Şahsuvarlı (75 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) dünya çempionatının mükafatını təmin edib. Komandamızın üzvlərindən Lorenzo Sotomayor (64 kq) və Pərviz Bağırov (69 kq) isə medal arzusu ilə erkən vidalaşıb.
Dünya çempionatında oynanılan 40 medaldan 2-sini - 5 faizini əldə edən Azərbaycan millisi mundialda 1-dən artıq mükafata yiyələnən 6 ölkədən biridi. Ən güclü "altılığ"a Kuba başçılıq edir. Ada ölkəsinin 7 boksçusu 1/4 final səddini keçib. Asiyalılar - Qazaxıstanla Özbəkistan hər biri 10 çəki dərəcəsindən 6-da fəxri kürsüyə qalxacaq. 4-cü pillədə qərarlaşan ABŞ millisi cəmi 3 yarımfinalçısı ilə öyünə bilər. Yığmamız isə Rusiya ilə birgə 5-ci yeri bölüşür.
Digər 14 ölkə, o cümlədən 10 idmançı ilə təmsil olunan ev sahibi Almaniya yalnız 1 medalla kifayətlənməli olacaq. Qonşu Türkiyə isə Hamburqda uğura həsrət qalıb.
| N | Ölkə | İdmançı sayı |
| 1 | Kuba | 7 |
| 2-3 | Qazaxıstan | 6 |
| Özbəkistan | 6 | |
| 4 | ABŞ | 3 |
| 5-6 | Azərbaycan | 2 |
| Rusiya | 2 | |
| 7 | Almaniya | 1 |
| 8 | Avstraliya | 1 |
| 9 | Kolumbiya | 1 |
| 10 | Cənubi Koreya | 1 |
| 11 | İngiltərə | 1 |
| 12 | Hindistan | 1 |
| 13 | Gürcüstan | 1 |
| 14 | Monqolustan | 1 |
| 15 | Fransa | 1 |
| 16 | Ukrayna | 1 |
| 17 | Ekvador | 1 |
| 18 | İrlandiya | 1 |
| 19 | Kamerun | 1 |
| 20 | Ermənistan | 1 |
| Cəmi | 20 | 40 |
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində








