SAĞLAMLIQ

"Depressiya təkrarlanan bir xəstəlikdir"

  • 31 Aug 2017
  • 307 baxış

Depressiya halsızlıq, ruh düşkünlüyü, həyata marağın azalması kimi hallarla özünü büruzə verən bir xəstəlikdir. Burada xəstəlik sözünü xüsusi qeyd eləmək lazım, çünki bir çox hallarda depressiya gündəlik işlərə, problemlərə bağlı qisa müddətli əhval-ruhiyyə pozulması kimi qəbul edilir və depressiyada olan insanlara, onlarda meydana çıxan bu problemə ciddi yanaşılmır.

XalqTV.com xəbər verir ki, bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində psixoterapevt Bəxtiyar Mustafayev bildirib.

/>

- Depressiyanın yaranma səbəbləri nələrdir?

- Bu səbəblər müxtəlif ola bilər. Əsasən psixoloji, bioloji və sosial səbəbləri misal çəkmək olar. Bioloji səbəblər beyində olan serotonin azlığı ilə əlaqədardır. Psixoloji dedikdə, yaxın insanın ölümü, keçirilmiş hansısa psixoloji travma, ev, iş, məktəb dəyişikliyi, xüsusilə uşaqlarda onlara qarşı fiziki və cinsi zorakılıq, valideynlərdən birinin və ya hər ikisinin ölümü və sairə bu kimi amilləri misal çəkmək olar. Sosial səbəb kimi isə işsizlik, müharibə kimi depressiya ilə nəticələnəcək acınacaqlı vəziyyəti göstərmək olar.

- Depressiyaya əsasən hansı yaş qrupu insanlarda daha çox rast gəlinir?

- Depressiyaya hər yaş dövründə rast gəlmək mümkündür. Lakin statistikaya əsasən 25-35 yaş arası insanlar depressiyaya daha çox məruz qalırlar. Bu hal həyat boyu rast gəlmə tezliyinə görə qadınlarda 5-20 faiz, kişilərdə 2,5-10 faiz, yeniyetmələrdə 4 faiz, uşaqlarda isə 2 faiz təşkil edir.

- Depressiyanın əlamətləri hansılardır?

- Depressiyanın üç əsas və əlavə əlamətləri var. Əsas əlamətlər əhval-ruhiyyənin nəzərə çarpacaq dərəcədə aşağı olması, əvvəl maraq dairəsində olan hansısa məşğuliyyətə marağın əhəmiyyətli dərəcədə azalması və günün çox hissəsi davam edən yorğunluq hissidir. Bundan əlavə depressiyanın əlavə əlamətləri kimi yuxu pozuntuları, yəni hədsiz yuxululuq və ya yuxuya getmə problemi, iştah pozuntuları, iştahın artması və ya olmaması, cinsi istəyin azalması, əsəbilik, ağlamağa meyllilik, tək qalma istəyi, özünü günahlandırma və bir sıra bu kimi əlamətləri göstərmək olar. Bu əlamətlərdən ən azı dördünün iki həftə müddətində davam etməsi artıq depressiya ehtimalını yaradır.

Bu hal uşaqlar və yaşlılarda bir az daha fərqli əlamətlərlə özünü göstərir. Uşaqlarda depressiya zamanı daha çox aqressivlik, ağlağanlıq, sözə qulaq asmama, dərslərdən yayınma, altını islatma və digər bu kimi əlamətlərlə müşahidə edilir. Yaşlı insanlarda isə depressiya daha çox somatik əlamətlərlə gözə çarpır. Bu əlamətlər oynaq, əzələ ağrıları, döş qəfəsində sıxıntı və ya ağrı kimi bir sıra əlamətlərlə daha çox özünü büruzə verir. Bu səbəbdən yaşlı insanlarda çox vaxt depressiya aşkarlanmır. Araşdırmalara əsasən onu deyə bilərəm ki, hansısa somatik şikayətlərlə həkimə müraciət edən yaşlı insanların 2/4-də depressiya var və depressiya aşkar olunaraq müalicə edildiyi təqdirdə yanaşı davam edən digər mövcud xəstəliyin də müalicəsi daha asan olar.

- Yaranan bu problemin müalicəsi nə cür aparılır?

- Depressiyanın müalicəsində farmakoterapiya, yəni dərmanlar və psixoterapiyadan istifadə olunur. Həmçinin bundan əlavə həyat tərzində müəyyən dəyişikliklər etməkdə depressiyaya qarşı profilaktik tədbirlər görmək olar. Bunun üçün əsas olaraq yuxu rejiminə riayət eləmək, gün ərzində 30-40 dəqiqə sürətli gəzmək, əhvalınızı xoş edəcək insanlarla daha çox zaman keçirmək, sağlam qidalanmaq və bu kimi məşğuliyyətlərlə depressiyaya qarşı daha dözümlü orqanizm və ruha sahib olmaq mümkündür.

- Müalicə olunmamış depressiyanın təkrarlanma ehtimalı nə qədərdir?

- Qeyd etdiyim kimi depressiya xəstəlikdir və residiv verən, yəni təkrarlanan bir xəstəlikdir. Birinci epizoddan sonra təkrarlanma 50 faiz, ikinci epizoddan 75 faiz, üçüncüdən sonra isə 90 faiz təşkil edir. Onu da qeyd edim ki, depressiya müalicə olunmadığı təqdirdə xroniki hal alır.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45881 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 765 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 742 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO