Astarada çəltik yığımına başlanılıb - FOTO
Bir neçə gündür ki, Astara rayonunun çəltik sahələrində biçin kompaniyasına başlanılıb.
XalqTV.com AZƏRTAC-a istinadən bildirir ki, bu il havaların əlverişli keçməsi, əkin sahələrinin vaxtında suvarılması, lazımi aqrotexniki qulluğun göstərilməsi çəltikçiliklə məşğul olan fermerlərin bol məhsul götürməsinə səbəb olub.
Ötən illə müqayisədə rayonda əkin sahələri genişləndirildiyindən ümumi məhsul istehsalı 3 dəfədən çox artıb, məhsuldarlıq 60-70 sentnerə çatıb.
Fermer Tələt Məmmədov bildirib ki, bu il Şiyəkəran kəndində 33 hektar ərazidə ən çox "Haşimi" və italyan "Apollo" növü olan çəltik əkilib.
Hazırda 7 hektar ərazidə biçin aparılıb. Bu il "Haşimi" növü 40 sentnerdən, italyan "Apollo" növü isə 60-70 sentnerdən aşağı olmayan məhsuldarlıqla müşahidə olunub.
Müştəri sarıdan korluq çəkmədiklərini deyən T.Məmmədov yerli düyünün bazardakı qiymətinin 4-4,5 manat olmaqla məhsul istehsalçılarını qane etdiyini diqqətə çatdırıb.
O, bildirib ki, Şiyəkəran kəndi ərazisində başlayan biçin kampaniyasına yeni kombaynlar cəlb olunub. İtaliyadan gətirilən yeni "Laverda" kombaynlarının özəllikləri ondan ibarətdir ki, yalnız çəltik biçini üçün nəzərdə tutulub, heç bir itki olmadan məhsul yığımını həyata keçirir.
Qeyd edək ki, ötən il Astara rayonunda 133 hektar sahədə çəltik əkilmişdisə, bu il bu rəqəm 450 hektara çatdırılıb.
Hazırda 380 hektar sahədə çəltik biçini aparılıb, hər hektardan məhsuldarlıq orta hesabla 40,2 sentner olmaqla 1572 ton məhsul istehsal edilib.
Astarada çəltik yığımı kampaniyası davam edir.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində