"Çelsi"nin hücumçusu "Fənərbağça"ya keçir?
"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi "Çelsi"də Dieqo Kosta problemi hələ də həllini tapmayıb.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, ölkəsi Braziliyada istirahətini davam etdirən və Londona dönməyən "sambaçı" Türkiyəyə köçməyə yaxındı.
Çünki "Fənərbağça" klubu ulduz futbolçunun keçidində maraqlıdı. Robin van Persinin tez-tez zədələndiyini və Roberto Soldadonun hücumda tək qaldığını nəzərə alan İstanbul nəhəngi Kostanı 1 il müddətinə icarəyə götürmək niyyətindədi. Klub bununla bağlı 29 yaşlı forvardın meneceri Rikardo Kardoso ilə görüş də keçirib. Artıq 3 gündü İstanbulda olan Kardoso ilə danışıqlar davam etdirilir.
Baş məşqçi Antonio Konte ilə problemi olduğu üçün "Çelsi"yə dönməkdən imtina edən oyunçunu rəhbərlik birdəfəlik satmaq niyyətindədi. Lakin Avropanın böyük futbol ölkələrində "transfer pəncərəsi" bağlandığı üçün bu, baş tutmayıb. Türkiyə kimi "transfer pəncərəsi" açıq olan ölkələrin klubları isə futbolçunun qiyməti olan 45 milyon avronu ödəmək iqtidarında deyil. Bu üzdən "Çelsi" rəhbərliyi "Fənər"in icarəyə götürmək təklifinə müsbət yanaşır.
Doğrudu, İspaniya millisinin üzvü sabiq klubu "Atletiko"ya qayıtmaq arzusundadı. Lakin madridlilər transfer qadağası ucbatından yanvara qədər heç kimi heyətə qata bilməzlər. Bu səbəbdən uzun müddət futbolsuz qalmaq istəməyən oyunçu sərfəli təklif gələcəyi təqdirdə "Fənər"lə anlaşa bilər. Türklər ona birillik müqavilə qarşılığında 5 milyon avro maaş təklif ediblər.
Qeyd edək ki, Dieqo Kostanın "Çelsi" ilə müqavilə müddəti 2019-cu ilin yayına qədərdi.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində