Dünya

Azərbaycanlı gənclər beynəlxalq Forumda fəallıq göstəriblər - FOTO

  • 25 Sep 2017
  • 249 baxış

Rusiya Federasiya prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasında MDB, Gürcüstan və Baltikyanı ölkələrinin gənc liderlərinin Avrasiya Gənclər Forumu keçirilib.

Tədbiri Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixayıl Şvıdkoy giriş sözləri ilə açaraq belə tədbirlərin xalqların inteqrasiyasindakı roluna toxunub. Tədbirdə eləcə də Dövlət Dumasında MDB işləri üzrə komitənin üzvü Leonid Kalaşnikov, "Rossiya sevodnya" informasiya agentliyinin direktoru Andrey Blaqodirenko və başqa qonaqlar çıxış ediblər.

Forum çərçivəsində geniş maraq doğuran müxtəlif məsələlər müzakirə olunub. Bunların sırasında imic və internet, media səhnəsində yeni brendlərin qurulması, vətəndaş sosiallaşması, inteqrasiya problemləri və sair kimi suallara aydınlıq gətirilib.

Tədbirdə Azərbaycanı təmsil edən gənclər fəallıqları ilə seçiliblər. Onlar öz çıxış və təqdimatlarında digər ölkələrdən olan həmkarlarının diqqətlərinə ölkədə reallaşdırılan gənclər siyasətinin xüsusiyyətlərini çatdırıb, ölkəmizdə keçirilən irimiqyaslı yerli və beynəlxalq tədbirlər haqqında məlumat verib, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı məsələlərin öz həllini tapması ilə bağlı fikirlərini səsləndiriblər.

Qeyd edək ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov, "İrəli" İctimai Birliyinin Beynəlxalq Əlaqələr Departamentinin sədri Anar Qurbanov və digər qeyri-hökümət təşkilatları nümayəndələri iştirak ediblər.

Zərif Nisə

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR