Zlatanera və ya velosiped oğurluğu ilə başlayan karyera...
İnsanlar normalda səssiz, sakit tipləri sevər və onlara yaxın olmağa üstünlük verərlər. Özünü güclü hesab edənlər isə ətrafına zəifləri yığıb onlara liderlik edərlər. Başqa bir tip insanlar da var. Onlar hər an partlayacaq bomba kimi olurlar. Ətrafındakıların güclü və ya zəif olmasının onlar üçün heç bir fərqi yoxdur. Çünki, özlərinin zirvədə olduqlarını bilirlər. Bu insanlar istedadlıdırlar, bunu bilir, buna görə yaşayır, danışır və danışırlar. Belə insanlardan biri də futbol dünyasının ən maraqlı adlarından olan Zlatan İbrahimoviçdir.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, İsveç millisinin sabiq üzvü, hazırda "Manchester United"in heyətində çıxış edən İbra oyunu ilə yanaşı eqolu davranışı, özündənrazılığı, həmkarlarına atmacaları ilə həmişə diqqət mərkəzində olub. 36 yaşını qeyd edən futbolçunu öz sözləri ilə ifadə etsək, yaxşı şərab kimidir, yaşı artıqca nəinki eniş, əksinə inkişaf edir.
"Heç kim mənim bu yerlərə gəlib çatacağımı, uğur qazanacağımı ehtimal etmirdi. Hamı haqqımda boş-boş danışırdı. Məni böyük ağzı olan biri kimi tanıyırdılar. Bilmirlərdi ki, bu uşağın gələcəyi onların xəyal etməyəcəyi qədər böyük olacaq. Uşaqlıqdan arzuladığım, istədiyim yerdəyim. Ən böyük qazancım həmin insanları susturmaq olub"...
/>
Zlatanın ailəsi yeni həyat üçün Bosniyadan İsveçə köç edir. 1981-ci ilin 3 oktyabrında Zlatan Malmödə dünyaya gəlir. Bir müddət sonra valideynləri ayrılır və o, 13 yaşına qədər anası ilə qalır. Zlatanın anası xəstəxanada xadiməçi işləyərək övladlarını böyüdüb. Evlərində həmişə gərgin vəziyyət olub. Zlatan həmin günləri belə xatırlayır. Biz süfrəyə oturarkən "həyatım, günün necə keçdi?, "duzu uzada bilərsən?", "riyaziyyata bir az daha çox məşğul olsan yaxşı olar" kimi söhbətlər etmirdik. Anam çox vaxt işdən evə yorğun gəlir, bizə yemək hazırlamaq üçün mətbəxə keçirdi. Ən kiçik bir səs belə əsəblərinə toxunurdu. Bir-birimizi boğacaq kimi olurduq"...
/>
İbrahimoviç atasını həmişə güclü insan kimi xatırlayır. Gecə qarovulçusu işləyən atası Şefik tək yaşayırdı. İki həftədən bir bacısı Sanela ilə balaca qardaşı Keke atasının yanına gedir, onunla qalıdrdılar. Evdəki səs-küydən bezən Zlatan da 14 yaşında birdəfəlik atasının yanına köçür.
Atası içki aludəçisi olan İbra uşaqlığından bəri açıqsözlü olduğunu xatırlayır: "Bəzən məktəbdən evə gələndə soyuducuda ancaq içki şüşələri tapırdım. Atama içkini tərgitməsini çox söylədim. Heç kim onunla belə danışmağa cəsarət etməzdi. Ancaq mənim itirəcək bir şeyim yox idi. Həm də atam bizə heç vaxt əl qaldırmamışdı".
/>
Atası ilə yaşamağa başlayandan qısa müddət sonra "Malmo FF" akademiyasında futbola başlayır. Yeniyetmə komandasına seçiləndə yaşadığı Rosengarddan Malmonun mərkəzinə getmək üçün velosipeddən başqa yolu yox idi. Beləliklə də Zlatan velosiped oğurlamağa başlayır. Əvvəllər əylənmək üçün marketdən oğurladığı şirniyyat və şokoladların əvəzinə indi bir az da böyümüş, daha böyük şeylər oğurlamağa başlamışdı. Məşqlərə oğurladığı velosipedlərlə gedirdi. Hətta bir dəfə məşqçisinin velosipedini qaçırmışdı. Qıfılları qırmaqda usta hesab etmək olardı.
İbrahimoviçin "Malmo"da işləri yaxşı getmirdi. Komanda yoldaşlarının valideynləri davamlı olaraq onun təkbaşına oynamasından narazılıq edirdilər. Haqsız da sayılmazdılar. Zlatan oyunda ancaq özünü düşünür, komanda yoldaşlarına neqativ enerji verirdi. Ancaq tanrı vergisi olan istedadı sayəsində klub rəhbərliyi Zlatana dözürdü.
1999-cu ildə klubun A komandasına yüksəlir. Həmin il komandası ikinci liqaya düşür, Zlatanın gözəl oyunu sayəsində növbəti il yenidən Liqaya qayıdır.
/>
Oyun tərzi skandinaviyalılara heç oxşamırdı. 1,95 sm boyu ilə cəld və sürətli manevrlər edirdi. İsveç millisinin sabiq üzvü həmin günləri belə xatırlayır: "Uşaqkən boş vaxtlarımda internetdə futbol hərəkətlərini izləyir, sonra da məhəllədə həmin hərəkətləri dəqiq yerinə yetirənədək çalışırdım. İdealım fenomen Ronaldo idi. Sırf o da ordaydı deyə, "İnter"ə transfer olmuşdum deyə bilərəm. Özümü isveçlilərin yanında rahat hiss etmirdim. Cənubi amerikalılar mənə daha yaxın gəlirdi. Oyunuma da təsir edən başlıca amil, bəlkə də elə bu amil idi"...
"Malmo"dakı 1,5 ildə çox klubun diqqətini çəkmişdi. Ancaq meneceri yox idi və tarnsfer görüşmələrinin necə olduğuna dair ən kiçik təsəvvürü belə yox idi. Klub onu "Arsenal"a gətirdi. Venger "bizimlə məşq etməlisən" deyəndə rahatlıqla "mənə ayaqqabı gətirin" demişdi. Ancaq "Malmo" "Arsenal"ın təklifini qəbul etməmişdi.
/>
"Malmo" yeni mövsümə hazırlıq üçün İspaniya sahillərində bir düşərgəyə getdi. "Ayaks"ın əfsanəsi Leo Benhakker Zlatanı görən kimi almağa qərar verdi. Zlatan 8,7 milyon avro ilə "Ayaks"ın ən bahalı transferi, "Malmo"nün də ən baha qiymətə satdığı futbolçu kimi tarixə düşdü.
Hər 2 klub transferdən mənfəətli çıxsa da, İbrahimoviç üçün bunu demək olmazdı: "Klubdan zəng vurub otelə gəlib müqavilə bağlamağımı istədilər. İçimdəki hisləri izah edə bilmərəm. "Ferrari"mə minib otelə getdim. Əynimdəki idman geyimi ilə otağa daxil olanda məni kostyum geyinmiş şəxslər qarşıladı. Təklif olunan maaş indikindən 5 dəfə çox idi. Həmin vaxt çox görünsə də, sonradan aldandığımı anladım".
Amsterdama gələn İbrahimoviç klubun ona verdiyi avansa "Mersedes" alır. Özünə isə pul saxlamır. İsveç tarixinin ən bahalı transferinin evində yeməyə yavan çörəyi belə yox idi. Komandaya yeni transfer olunan Maksvelə zəng edərək "qalacaq yerin və yeməyin varmı? burda rəsmən sürünürəm" deyir. Yeni mövsümə qədər dostu ilə qalır və yerdə yatır.
Yeni mövsüm İbranın istədiyi kimi başlamaz. İlk sezonda 10 qola imza atar. Həmin vaxt Hollandiya futbolunun gənc ulduz Rafael Van Der Vartla ulduzu heç cür barışmırdı. Koemanın dövründə özünə gəlir, ard-arda qollar vurmağa başlayır. Fintləri ilə adından söz etdirir. Ancaq heç cür ora alışmırdı. 3 mövsümdən sonra ayrılmaq qərarını dəqiqləşdirir. Həmin vaxt indi də səs-küylü transferləri ilə yadda qalan Mino Rayola ilə yolları kəsişir. İlk təcrübəsindən fərqli, bu dəfə klassik geyimlə restoranda Rayola ilə görüşür. İlk sözü də bu olur: "Məni "Ayaks"dan qurtar".
/>
Həmin vaxt Pavel Nedvedin meneceri olan Rayoladan cavab olaraq bu sözləri eşidir: "Səninlə işləmək istədiyimə əmin deyiləm. Çox istedadlısan, ancaq qol vurmursan. Göstəricilərin bərbaddır. Birlikdə çalışmağımızı istəyirsənsə çox yatıb, az playstation oynayacaqsan. Bunları düşün sonra mənə zəng et. Mino gedər. Zlatan da ilk gələndə sifariş etdiyi maşınına əyləşən kimi profesionallığı kənara buraxar (əslində heç vaxt da olmayıb) və Rayolaya zəng vurub "səninlə işləmək istəyirəm" deyər.
/>
Hadisələr sürətlə inkişaf edər və "Yuventus" 16 milyon avroya Zlatanı transfer edir. David Trezegenin zədələnməsi ilə Kopellonun ona yaratdığı şansı maksimum dəyərləndirir. İlk hötmər etdiyi məşqçi də Kapello olur: "O dəhlizdə yanınızdan keçəndə özünüzü qarışqa kimi hiss edirsiniz. Sizinlə danışmaz, ümumi bir "salam" deyər. Ancaq sizə hörmət edər və özünə də hörmət tələb edər. Kapello hirsləndirmək istəmədiyiniz insanlardandır".
Məlum rüşvət söhbətlərindən sonra, Monoya zəng edib "Juve"dən ayrılmaq istədiyini deyir. Mino onun "Milan"ın sahibi Berluskoni ilə görüşünü təşkil edər. Görüşə 2 saat qalmış "İnter"in prezidenti Moratti ən yaxşı işçisinin Zlatanın evinə göndərir və Zlatan 17 ildir çempion olmayan "İnter"lə razılaşır.
/>
"İnter"də "qol maşını"na çevrilən İbrahimoviç Mourinyo ilə işləyir. Mourinyo haqqında müsbət fikirlər səsləndirir: "Onunla hər şey barədə danışa bilərsiniz. Sizin özünüzü rahat hiss etmənizə imkan yaradır. Hansı komanda onunla işləmək istəməz ki?".
Mourinyo isə onun haqqında belə demişdi: "Bərabər işlədiyimiz müddətdə məni bir dəfə təccübləndirib, "Barselona"ya getməsi ilə. Bunun üçün heç nə edə bilməzdim".
İbrahimoviç üçün "Barselona" bir xəyalın gerçəkləşməsi idi. Orda fərqli mədəniyyət və komanda ilə qarşılaşacağını bilirdi. Dünyanın ən yaxşı futbolçuları ilə oynayacaqdı; Messi, Xavi, İniesta ilə...
İlk məşqində isə ciddiyyəti hiss edir. Artıq Zlatan əvvəlki kimi istədiyində qaça, istədiyində məşq edə, istəmədiyində çəkilə bilməzdi. Qvardiola ilə birgə möhtəşəm 6 ay keçirir. Messi və Xavinin ötürmələrini qolla tamamlayırdı. Tiki-takaya uyğun oyun sərgiləyirdi.
/>
"Barca"da işlərin pozulmasına səbəb Messi oldu. Belə ki, Messi Qvardiolaya 3 nəfərlik hücumun önündə oynamaq istədiyini deyir. Qvardiola ona necə yox deyə bilərdi? İbrahimovim hər nə qədər indiyədək görülməyən hücumçu idisə, Messi də dünyanın gəlmiş keçmiş ən yaxşı futbolçusu idi. İbrahimoviç arxa planda yaxşı oynamadığını hiss edib, bunu məşqçi ilə danışdı və araya soyuqluq girdi. Ya oyuna sonradan daxil olurdu, ya da oyuna girib qol vursa da 2-ci hissədə əvəzlənirdi. Dəyişməyən vəziyyəti özü belə ifadə edirdi: "Çox əsəbi və kinli olmuşdum. Özümü balaca uşaq kimi hiss etməyə başladım. Elə bil Rozenqarda geri dönmüşdüm. Bir gün özümü saxlaya bilmədim və paltardəyişmə otağında reklam lövhəsini təpiklədim. Bu da azmış kimi, hamının içində Qvardiolaya "sən adam deyilsən" deyə bağırdım. Mənə baxdı və baş məşqçi olduğunu xatırladaraq, onunla belə danışmamalı olduğumu bildirdi. Vecimə deyildi nə dediyi.
/>
2009-2010 sezonu bitdi. Tətildən qayıtdıqdan sonra Qvardiola ilə arasında belə bir dialoq yaşandı:- Tətil necə keçdi?- Yaxşı.- Səninlə nə edəcəyimi bilmirəm.- Komanda üçün oynayacam.- Səninlə nə edəcəyimi hələ bilmirəm.- Yaxşı,açıqa danışaq. Messi üçün oynayacam.- Ehtiyatda oturmağa özünü hazırla.- Yaxşı.- Ancaq sən Zlatansan, ehtiyatda qala bilməzsən.- Başqa bir yoxdursa, mən çıxıram.
"İnter"dən "Barselona"ya 66 milyon avroya transfer olunan Zlatan transfer pəncərəsinin bitməyinə 20 gün qalmış, cəmi 20 milyon avroya "Milan"a transfer olundu. Ynei komandasına yaxşı uyğunlaşdı, skudettonu qazandılar. Bir sezonda 32 oyuna çıxıb, 28 qola imza atdı. Əvvəlki hirsi özünə qayıtmışdı.
/>
İtaliyada az qala müqəddəs biri kimi münasibət görürdü. Orda qazanmadığı uğur qalmamışdı. Ancaq paparazzilər onu bezdirmişdi. Xanımı Elenanın başına gələn 1-2 xoş olmayan hadisəni də unuda bilməmişdi. Bu səbəbdən də getmə vaxtının gəldiyini düşünərək növbəti böyük transferə "hə" deyərək, PSJ-yə gəldi.
PSJ-dəki 4 uğurlu mövsümün ardından yolu "İnter"dən tanıdığı Mourinyo ilə kəsişdi. Bu dəfə "Manchester United"də. 28 oyunda 17 dəfə fərqlənən Zlatanı zədə dayandırmışdı. Zədəsi sağalan futbolçu yenidən "qırmızı şeytanlar"la 1 illik müqaviləyə imza atıb.
/>
9 fərqli klubda forma geyinən futbolçu ilk böyük uğurunu 2004-cü ildə transfer olduğu "Yuventus"da qazanıb. O, 5 dildə - isveç, xorvat, boşnak, ingilis və italyan dillərində mükəmməl danışır. Helena Seqerlə uzun müddət birlikdə olan İbrahimoviç 2 uşaq atasıdır: Maksimilian və Vinsent. Yay fəsillərində Malmödəki evini ziyarət edən İbrahimoviç həyat yoldaşına sadiq insan kimi tanınır.
/>
"Nike" ilə müqaviləsi olan İbra, bu səbəbdən tez-tez reklam kliplərində də çəkilir. Geydiyi "Mercurial" butsilərinin üstündə oğullarının adı yazılıb. Zlatan İbrahimoviçin şərəfinə İsveç dilində lüğətə yeni fel əlavə olunub. Bu söz "zlatanera"dir. Tərcümədə "zlatanera" "dominantlıq etmək", "digərlərini ötmək" mənasını verir. Bu ideya "Canal+"in əməkdaşına məxsusdur.
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində